Bu ölkənin mövqeyi Azərbaycan-Ermənistan arasında sülhün əldə olunmasını çətinləşdirir - Deputatdan AÇIQLAMA

 21:16 21.06.2024     501

Xəbər verdiyimiz kimi, Fransanın Karib dənizinin şərq hissəsi regionu Qvadelupedə  “Qvadelupe Milli Alyansı" təşkilatının beynəlxalq əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Patrik Tasita Azərbaycanın qlobal gücünə inandığını və ondan kömək istəyini bildirib.

Buna paralel olaraq son zamanlar Fransanın regionda sülh prosesinə zərbə endirə biləcək davranışlar sərgilədiyinin şahidi oluruq. Təkcə bir neçə gün öncə Fransa ilə Ermənistan arasındakı silah anlaşması buna misal ola bilər. 

Bəs proseslərin bu cür gedişatı nə ilə nəticələnə bilər? 

Milli Məclisin üzvü Hikmət Babaoğlu Redaktor.az-a açıqlamasında bildirdi ki, Fransanın Azərbaycana qarşı olan aqressiv mövqeyi nəticə etibarilə beynəlxalq hüquqa qarşı olan bir mövqe kimi başa düşülməlidir. Deputat qeyd etdi ki, Azərbaycan bu zamana qədər yalnız və yalnız beynəlxalq hüquq çərçivəsində hərəkət edib və öz ərazi bütövlüyünü beynəlxalq hüquqa istinadən bərpa edib:

"Elə 44 günlük müharibədən dərhal sonra sülh təşəbbüsü ilə çıxış edib. Buna  görə də Fransanın Azərbaycanın yaratdığı bu reallığı qəbul etməməsi beynəlxalq hüquqa məhəl qoymadığının göstəricisidir. Fransa düşünür ki, bu cür aqressiv siyasətlə Ermənistanı gücləndirir. Amma reallıq bunun tam əksidir. Fransanın sülhə əngəl olan mövqeyi Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunmasını çətinləşdirir. Nəticədə kommunikasiyalar bağlı qalır, sülh sazişi bağlanmır, Ermənistan regional iqtisadiyyata inteqrasiya edə bilmir və sair. Bununla da sözügedən məsələdə ən çox Ermənistan tərəfi zərər görür. Düşünürəm ki, artıq Ermənistanın da bunu dərk etməsinin vaxtı çatıb. 

Azərbaycan Prezidenti qeyd etdi ki, bizə qarşı olan mövqe necədirsə, biz də eyni siyasəti onlara qarşı sərgiləyəcəyik. Bu baxımdan bu gün Fransa anlamalıdır ki, Azərbaycanın yaratdığı yeni mübarizə forması ölkəmizi beynəlxalq arenalarda mübariz və ədalətli dövlət kimi imicini formalaşdırıb. Buna görə də Yeni Kaledoniya, Qvadelupe və Sakit okeanın digər ada dövlətləri və həmçinin digər əzilən xalqlar Azərbaycanın milli mübarizə modelini ədalətli model kimi mənimsəyiblər".

H.Babaoğlunun sözlərinə görə, nəticə etibarilə Fransa müstəmləkəçiliyində olan xalqların elə bu müstəmləkəçi rejimə qarşı mövqeyi formalaşır.

"Bu da haqq, hüquq və ədalətin qalib gələcəyinə olan şübhələri aradan qaldırır. Yaxşı olardı ki, Fransa region və dünyada bundan artıq aqressiv və beynəlxalq hüquqa zidd hərəkətlər etməsin”, - deyə deputat bildirdi.

Yusif SƏMƏDZADƏ