BMT-də Fransanın zorakılıqları pislənildi

 11:15 22.06.2024     227

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında “Müstəqillik və fundamental azadlıqlara doğru: müstəmləkiçiliyə son qoyulmasında C-24 komitəsinin rolu” mövzusunda keçirilən beynəlxalq konfransda kolonial ölkə olan Fransanın Yeni Kaledoniya, Korsika və Martinikdə zorakılıqlarını pislənilib.

Redaktor.az xəbər verir ki, BMT-nin müstəmləkə altında olan ölkələr və xalqlara müstəqillik verilməsi haqqında bəyannamənin icrası ilə bağlı yaradılmış xüsusi Komitə - C24-ün illik iclası çərçivəsində baş tutan tədbirdə Fransız Polineziyasının hakim Tavini Partiyasının siyasi məsələlər üzrə direktoru Richard Tuheiava, eləcə də Saint-Martin, Korsika, Martinik, Fransız Qvianası, Qvadelupe və Bonayredən olan müstəqillik hərəkatı üzvləri onları müstəmləkə altında saxlayan Fransa və Niderland hökumətlərinin bu ərazilərdə həyata keçirdiyi kolonial siyasət, habelə ərazinin sahibi olan yerli xalqların fundamental hüquqlarının kobud şəkildə pozulması, təbii sərvətlərinin qanunsuz talan edilməsi və beynəlxalq öhdəlikəri yerinə yetirməməsi haqqında ətraflı məlumat veriblər və yerli xalqların tələblərinə məhəl qoymayaraq, hələ də müstəmləkəçilik siyasətini davam etdirməsini sərt şəkildə qınayıblar.

İştirakçılar təmsil etdikləri xalqların tələblərini və səsini dünya ictimaiyyətinə çatdıran Azərbaycana dərin minnətdarlıq ifadə ediblər və beynəlxalq platforma rolunu oynayan Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə müstəqilliyin uzaqda olmadığına inam ifadə ediblər.

Konfransın sonunda siyasi müraciət qəbul olunub. İştirakçılar BTQ tərəfindən təşkil edilən regional və qlobal tədbirlərdə iştiraklarını daha da fəallaşdırmaq, BMT çərçivəsində öz mübarizələrini gücləndirməyə dair öhdəlik götürüblər.

Xatırladaq ki, tədbirdə hazırda Fransa və Niderlandın işğalı altında olan 8 ərazidən - Korsika, Fransız Qvianası, Qvadelupe, Martinik, Maohi Nui (Fransız Polineziyası), Kanaki (Yeni Kaledoniya), eləcə də Sent-Martin, Bonayre, həmçinin ABŞ, Fransa, Braziliya, Qəmər Adaları İttifaqı, Qayana və Niderlanddan rəsmi şəxslər, müstəqillik hərəkatlarının rəhbər şəxsləri, dekolonizasiya üzrə ekspertlər, deputatlar və tədqiqatçılar iştirak ediblər. Eyni zamanda El-Salvador, Argentina, Suriya, Əlcəzair, Braziliya və Fələstinin BMT-dəki daimi nümayəndəliklərinin diplomatları konfransın işinə qatılıb.