"Ermənistanın silahlandırlması ona dəlalət edir ki, gələcəkdə Azərbaycana qarşı revanş niyyəti var" - Deputat

 20:09 24.06.2024     325

Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır. Rəsmi Bakının mövqeyinə görə, bu, qəbuledilməzdir. Regionun digər ölkələri - Türkiyə və Rusiya da Fransanın Ermənistanı silahlandırmasını qınayır. Maraqlıdır,hadisələrin bu cür inkişafının fonunda 3-cü Qarabağ Müharibəsi ola bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəşiroğlu bildirdi ki, Ermənistanın silahlandırılması gələcəkdə bölgədə münaqişənin yenidən alovlandırılmasını şərtləndirə bilər:

“Azərbaycan Prezidenti bir daha Ermənistan konstitusiyasında ölkəmizə qarşı olan ərazi iddialarının aradan qaldırılmasının vacibliyini səsləndirib. Bu baş vermədiyi təqdirdə isə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi imzalanmayacaq. Həqiqətən də Ermənistanın bu istiqamətdə hər hansısa addım atmaq istəməməsi ona dəlalət edir ki, gələcəkdə Azərbaycana qarşı revanş niyyəti var.

Qərb dairələri də Ermənistanı bu istiqamətdə dəstəkləyir. Diqqət yetirsək görərik ki, ABŞ xüsusi can-fəşanlıqla Ermənistanda konstitusiya dəyişikliyinin edilməsi məsələsinə toxunmadan Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasını istəyir. Entoni Blinken də Azərbaycan Prezidenti ilə telefon danışığı zamanı bu məsələyə toxunub.

Bunun özü də çox gizli məqamlardan xəbər verir. Əslinə qalsa, hər şey aydındır. Sadəcə olaraq Qərb bu cür gedişlər ilə düşünür ki, gələcəkdə Ermənistana dəstək verəcək. Bunun müqabilində bu ölkədən özünün geosiyasi maraqlarının təmin olunması üçün istifadə edəcək.

Ermənistan Konstitusiyasının 116-cı maddəsinin 3-cü bəndində göstərilir ki, ölkənin beynəlxalq öhdəliyi konstitusiya ilə ziddiyyət təşkil edə bilməz. Yəni Ermənistan bu gün Azərbaycan ilə sülh müqaviləsi imzalayarsa, gələcəkdə bu sənəd onlar üçün hüquqi cəhətdən etibarsız sayıla bilər. Çünki konstitusiya buna imkan verir”.

Deputatın sözlərinə görə, Ermənistan Qərb tərəfindən Cənubi Qafqazda Rusiyaya qarşı plasdarmın yaradılması üçün aktiv istifadə edilir:

“Bunun qarşılığında isə, Azərbaycana qarşı hərbi dəstək göstəriləcək ki, bu da artıq indidən göstərilir. 5 aprel tarixində Ursula von der Leyen, Entoni Blinken və Paşinyan arasında keçirilən görüşdə pərdəarxası Ermənistana silahlandırılma ilə təhlükəsizlik təminatlarının verilməsi məsələsi müzakirə edildi. Sadəcə olaraq bir sıra iqtisadi xarakterli dəstək sırf görüntü xarakteri daşıyırdı. Eləcə də gələcəkdə regionda yenidən münaqişə vəziyyətinin yaradılması üçün Ermənistandan bir alət kimi istifadə edilsin. Bu məqam çox təhlükəlidir və çox ciddi problemlərin yaranacağından xəbər verir. Preventiv olaraq bunun qarşısını almaq üçün region dövlətləri ciddi tədbirlər görməlidir”.

E.Mirbəşiroğlu əlavə etdi ki, işğalçı dövlətin yenidən silahlandırılması heç bir beynəlxalq norma və prinsiplərə sığmır:

“İşğalçı dövlətin yenidən silahlandırılması heç bir beynəlxalq norma və prinsiplərə sığmır. Məsələn, II Dünya müharibəsindən sonra Almaniya və Yaponiyanın silahlı qüvvələrinin formalaşdırılması ciddi şəkildə məhdudlaşdırıldı. Çünki onlar işğalçılıq siyasəti həyata keçirdilər. Amma bu gün tamam başqa təcrübəni görürük. İşğalçılıq siyasəti həyata keçirən Ermənistan sistemli şəkildə silahlandırılır”.

Yusif SƏMƏDZADƏ