"Dağıstandaki terror aktı çox güman ki, sonuncu deyil" - Abutalıb Səmədov

 20:20 24.06.2024     306

“Dağıstanda baş verən terror aktlarından sonra Azərbaycan daha da ehtiyatlı davranmalıdır. Çünki qarşıdan parlament seçkiləri və COP 29 kimi möhtəşəm beynəlxalq tədbir gəlir”.

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Abutalıb Səmədov şimal qonşumuzda baş verən dəhşətli terror hadisəsini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Ukrayna müharibəsi davam etdikcə Rusiyaya qarşı olan qüvvələrin fəallaşacağı və bütün vasitələrdən istifadə edərək bu ölkəyə zərbələr endirəcəyi şübhə doğurmur:

“Moskvadakı terror da aktı bu qüvvələrin addımı idi. Eləcə də Dağıstanda baş verən hadisələr də bunlardan biridir. Çox güman ki, bu sonuncu hadisə deyil. Bundan sonra da bu cür cəhdlər ediləcək. Rusiya da bunu bilməlidir. Bu cür terror aktlarının baş verməməsi üçün Ukrayna savaşının ədalətli sonluqla başa çatmasına ehtiyac var. Ancaq hələ ki Rusiya bunu qəbul etmək istəmir, ultimatum xarakterli dırnaqarası “sülh təklifləri” verir. Bu da sülhü bir az da uzaqlaşdırır və təbii ki, sülh uzaqlaşdıqca terror aktlarının baş vermə ehtimalları artır”.

Ekspert onu da əlavə etdi ki, bundan sonra da bu cür hadisələr Azərbaycana yaxın ölkələrdə baş verə bilər:

“Bundan sonra da bu cür hadisələr Azərbaycana yaxın ölkələrdə baş verə bilər. Əlbəttə ki, bu bizi narahat edir. Qarşıdan parlament seçkiləri gəlir. Ardınca COP 29 kimi mötəbər tədbirə ev sahibliyi edəcəyik. Bütün bunlar bu cür terror aktından zəruri nəticələr çıxarmağı tələb edir. Sərhədlərimizi möhkəmləndirməli və bu qrupların ərazilərimizə daxil olmasını önləmək lazımdır. Bu vaxta Azərbaycanın güc strukturlarının səmərəli fəaliyyəti nəticəsində bu cür cəhdlərin qarşısını almaq mümkün olub. Bununla da ölkəmiz regionun ən sabit və təhlükəsiz dövləti kimi tanınıb. Bundan sonra da sabitlik vəziyyətini qorumaq çox vacib. Ölkədə keçiriləcək mühüm tədbirlərin üzərinə kölgə salmağa imkan vermək olmaz”.

Yusif SƏMƏDZADƏ