“Qlobal çağırışlar və sosial elmlər” mövzusunda dəyirmi masa keçirildi - FOTO

 10:48 27.06.2024     268

Sosial Tədqiqatlar Mərkəzində   27 iyun 2024-cü ildə “Qlobal çağırışlar və sosial elmlər” mövzusunda dəyirmi masa keçirildi.

Redaktor.az xəbər verir ki, tədbirdə STM-in idarə heyətinin sədri Zahid Oruc, millət vəkilləri Fazil Mustafa, Etibar Əliyev, Hikmət Məmmədov, Elşad Mirbəşiroğlu, Ceyhun Məmmədov, Elman Nəsirov, Bəhruz Məhərrəmov, AMEA-nın Fəlsəfə və Sosiologiya İnsitutunun direktoru İlham Məmmədzadə, ali məktəblərdən Bakı Dövlət Universitetinin Sosiologiya kafedrasının müdiri Rəfail Həsənov, ADMİU-nun Sosial-siyasi elmlər kafedrasının müdiri Xaləddin Sofiyev  və digər aparıcı elm ocaqlarının nümayəndələri  iştirak etdilər.

Giriş sözündə tədbirin moderatoru Etibar Məmmədov müasir dövrdə hər bir cəmiyyətin qlobal çağırışlar qarşısında strateji hədəflərini müəyyən etməli olduğunu söylədi. STM-nin idarə heyətinin və  MM İnsan hüquqları komitəsinin sədri Zahid Oruc açılış nitqində qlobal çağırışlara cavab verərkən müasir elmi inkişafın vacibliyini vurğuladı. O qeyd etdi ki,  müasir dünyada getdikcə sürətlənən sosial dəyişikliklər son illərdə yeni mərhələyə qədəm qoymaqdadır. Bəşəriyyətin qlobal çağırışları geniş və çoxşaxəli olmaqla ekologiya, energetika, sosial təminat  və müdafiə, demoqrafiya kimi uzunmüddətli strategiyalar tələb edən problemləri əhatə edir.

Millət vəkili Fazil Mustafa elmi-akademik  və tətbiqi tədqiqatların əhatə dairəsinin genişləndirilməsi, maarifləndirmə yolu ilə cəmiyyətin sosial biliyinin artırılması və dünyanın gələcəyi naminə kollektiv məsuliyyətinin inkişaf etdirilməsini tələbindən söz açdı. Professor İlham Məmmədzadə  müasir dövrdə sosial elmlərin metodoloji və ümumfəlsəfi aspektlərinə toxundu.

Tədbirdə Sosial Tədqiqatlar Mərkəzi tərəfindən tərcümə və nəşr edilən “Sosiologiyada əsas anlayışlar” (E.Giddens, F.Satton) kitabı təqdim edildi. Azərbaycan dilində nəşrin redaktoru və tərcüməçilərindən biri, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Humay Axundzadə  məruzəsində qeyd etdi ki,  qlobal çağırışlar  həm  ictimai, həm də təbii  prosesləri əhatə etsə də, bu problemlərin uzunmüddətli həlli yolları, fəsadlarının qarşısının alınması  sosial elmlərin nailiyyətləri və potensialını tətbiq etməklə mümkündür.

Daha sonra tədbirdə iştirak edən millət vəkilləri qlobal və lokal problemlər həll yolları barədə görünən perspektivlərdən söz açdılar. Ali məktəbləri təmsil edən proseffor-müəllim heyəti təqdim edilən sosioloji terminlər lüğətinin sosial elmlər sahəsində təhsilin təkmilləşdirilməsi üçün vacibliyini, terminologiyanın geniş spektrini əhatə etməsi və ana dilimizdə təqdim olunan nəşrin müfəssəlliyini vurğuladılar.

Yusif Səmədzadə