"Suriyada İranın ABŞ-yə növbəti hücumunun da şahidi olacağıq..." - Deputat

 19:12 27.06.2024     206

Xəbər verdiyimiz kimi İranın BMT-dəki səfiri Əmir Səid İrəvani ABŞ-yə qoşunları dərhal Suriya ərazisindən çıxarılması barədə ultimatum verib. Maraqlıdır, ultimatum nə dərəcədə realdır? Siyasi blefdir, yoxsa yaxın gələcəkdə həqiqətən İran-ABŞ müharibəsi olacaq?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, Suriyadakı məlum səbəblərdən İran ilə Amerika arasında çox ciddi qarşıdurma var və bu bəzən açıq hərbi qarşıdurmaya da gətirib çıxarır:

“Söhbət ondan gedir ki, Suriyanın bir hissəsi ABŞ-nin nəzarətindədir və uzun müddətdir Suriya neftini Amerika istismar edir. Eyni zamanda bu gün Bəşər Əsəd hakimiyyətinin də ayaqda qalma səbəblərindən biri İranın dəstəyidir. Yəni bu məsələ bütün  platformalarda özünü göstərir. İranın dəstəyi olmasaydı, bəlkə də bu gün Suriyadakı hakimiyyət yox idi, çoxdan dəyişiklik baş vermişdi.

C.Məmmədov onu da qeyd etdi ki, İranın  Yaxın Şərqdə təsiri Suriya ilə məhdudlaşmır, çox  güclü mövqe qazanıb.

" İran Livan, Yəmən, İraq kimi ərazilərdə böyü nüfuza malikdir. Ona görə də bu qarşıdurma özünü uzun müddət göstərəcək. Əvvəlki dövrlərdə Suriyada İrana bağlı qüvvələr ABŞ-nin hərbi kontingentinə qarşı müxtəlif əməliyyatlar həyata keçirib. Ola bilər ki, Suriyada İranın ABŞ-yə növbəti hücumunun da şahidi olaq. Amma bu dəfə genişmiqyaslı qarşıdurma gözlənilir.

Bu gün Amerikanın da məqsədi Yaxın Şərqdə İranın güclənməsinin qarşısını almaqdı. Əslində İran da bu məsələdən xəbərdardır. Bu ultimatum xarakterli çıxışlar ilk dəfə deyil. Lakin inanmıram ki, Birləşmiş Ştatlar yaxın zamanlarda qoşunlarını Suriyyadan çıxarsın və həmin əraziləri tamamilə İranın nəzarətinə versin. Hazırkı mərhələdə bu ehtimalı gözləmirəm. Əslində burada İsrail ilə Amerika birlikdə hərəkət edir. İran da onların bu fəaliyyətinin qarşısını almaq üçün müxtəlif addımlar atır. Ona görə də bu hadisənin baş verəcəyini söyləmək hələ tezdir. Hesab edirəm ki, bu məsələnin aqibətini zaman göstərəcək”.

Yusif SƏMƏDZADƏ