"Parlamentə yeni qüvvələr gələcək" - Aydın Mirzəzadə

 20:25 28.06.2024     316

“Qarşıdan gələn seçki bir daha Azərbaycanın demokratiya və hüquq dəyərlərini özü üçün prioritet seçdiyini bir daha sübut edəcək”.

Bu sözləri Milli Məclisin deputatı Aydın Mirzəzadə Redaktor.az-a açıqlamasında Prezidentin Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncamına münasibət bildirərkən deyib. 

“Bu il onsuz da seçki ili idi. Noyabrda növbəti parlament seçkiləri keçirilməli idi və burada məsələ ancaq seçki gününün iki ay önə çəkilməsindədir. Bütün siyasi qüvvələr seçkiyə köklənirdi və daxildə seçkiyə hazırlaşırdılar. Artıq bir neçə partiya öz namizədlərini elan edib. Digərlərinin də yaxın günlərdə öz namizədliyini verəcəyi gözlənilir. Biz rəqabətli, şəffaf və demokratik seçki mühitinin şahidi olacağıq. Nəzərə alsaq ki, bizdə azad mətbuat var, seçki prosesinin təbliğatı, qeydə alma və seçki gününü cəmiyyət rahatlıqla izləyə biləcək. Bununla da hər bir dairədə daha çox səs toplayan namizəd həmin regionu parlamentdə təmsil edə biləcək.

Aydın məsələdir ki, parlamentə yeni qüvvələr gələcək. Bunların içində artıq cəmiyyətdə tanınan və öz sözünü parlament tribunasından deyə biləcək insanlar görə biləcəyik. Seçki müddətində ya öz namizədliyini irəli sürərək rəğbət qazanan, ya da partiyalar tərəfindən namizədliyi təsdiqlənən yeni simaları görə biləcəyik. Düşünürəm ki, yeni parlament öz üzərinə düşən vəzifəni artıq uğurla davam etdirəcək", - deyə o bildirdi. 

Aydın Mirzəzadə növbəti parlament seçkilərində iştirak etməsi ilə bağlı məsələyə də aydınlıq gətirdi:

“Mən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Partiyanın qərarı bütün 700 mindən çox üzv kimi mənim üçün də mütləqdir. Partiyanın seçki ilə bağlı qərarı nə olacaqsa, ona müvafiq hərəkət edəcəyik. Mən Yeni Azərbaycan Partiyasının parlamentdə daha çox səs toplamasının marağındayam və maksimum çalışacağam ki, cənab Prezidentin siyasi xətti seçkilərdə qalib olsun”.

Yusif SƏMƏDZADƏ