"Budəfəki seçki Azərbaycan siyasətində yeni keyfiyyət mərhələsi kimi yer alacaq" - Hikmət Babaoğlu

 22:15 28.06.2024     250

“Yeddinci çağırış parlament seçkilərinin təşkili Azərbaycan demokratiyası tarixində mühüm hadisə kimi yadda qalacaq”.

Bu fikirləri Redaktor.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu Prezidentin Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin təyin edilməsi haqqında Sərəncamına münasibət bildirərkən dedi.

Onun sözlərinə görə, bu seçkinin parlamentarizm tariximizə yazılmasının əsas səbəblərindən biri də Azərbaycanın bütün ərazi vahidlərində keçirilməsi olacaq:

"Artıq bu prosesdən başlayaraq həmişə olduğu kimi məcburi köçkünlər məskunlaşdırıldığı rayonlarda deyil, öz ata-baba yurdlarında səs verəcək. Düşünürəm ki, növbədənkənar yeddinci çağırış parlament seçkilərinin keçirilməsinin digərlərindən əsas fərqi də bundadır. Bu seçki ilk dəfədir ki, hər bir qarış torpağımızda suveren hüquqlarımızın bərpa olunması ilə müşahidə olunacaq ”.

Deputat əlavə etdi ki, bu seçki Azərbaycan siyasətində yeni keyfiyyət mərhələsi kimi yer alacaq:

“Bilirik ki, parlament seçkilərində ən müxtəlif siyasi görüşə malik partiyaların namizədləri iştirak edir. Bu vaxta qədər parlament seçkilərində namizədlərin platformasında mütləq Qarabağın işğaldan azad olunması ilə bağlı çağırışlar var idi. Bu seçki mühüm tarixi-siyasi prosesdən xəbər verir. Düşünürəm ki, milli demokratiyamızın təntənəsi kimi yadda qalacaq”.

Yusif SƏMƏDZADƏ