Astanada Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşü keçirildi - YENİLƏNİB

 19:14 03.07.2024     324

İyulun 3-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü keçirilib.

Redaktor.az xəbər verir ki, görüşdə çıxış edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib:

-Hörmətli İlham Heydər oğlu.

Sizi Astanada səmimi-qəlbdən salamlayıram. Sizi görməyimə şadam. Bakıya, Şuşaya səfərimi daim xatırlayıram. Həqiqətən bu, dönüş yaradan, mühüm, mübaliğəsiz demək olar ki, həm də öz əhəmiyyətinə görə tarixi səfər idi. Danışıqlar əsnasında qarşılıqlı fəaliyyətimizin, hətta deyərdim ki, bir sıra strateji sahələrdə əməkdaşlığın və qarşılıqlı fəaliyyətin gələcək inkişafına böyük impuls verdik. Mübaliğəsiz deyə bilərik ki, əməkdaşlığımız, qarşılıqlı fəaliyyətimiz strateji əhəmiyyət daşıyır.

Sizi qonaq qismində Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında görməkdən məmnunam. Bəlkə də bir müddət sonra Azərbaycan ŞƏT-in tamhüquqlu üzvü olacaq. Hər halda, Qazaxıstan buna etiraz etmir, əksinə, Sizin tərəfinizdən müvafiq istək varsa, onu dəstəkləyir.

Qazaxıstanda Sizi Azərbaycanın şəksiz Lideri, görkəmli dövlət xadimlərindən biri kimi tanıyırlar. Açıq deyirəm ki, biz Qazaxıstanda Sizin ölkənizdə baş verən bütün dəyişiklikləri böyük maraqla izləyirik, bu dəyişikliklərə ürəkdən sevinirik. Əlbəttə, sözsüz ki, burada Sizin böyük şəxsi rolunuz var və onu yüksək qiymətləndiririk.

Qazaxıstan ərazisində Ermənistanla danışıqlar üçün platforma təqdim etmək təklifimizə dərhal razılıq verdiyinizə görə Sizə minnətdaram. İlk danışıqlar Almatıda baş tutdu. Onlar kifayət qədər uğurlu, hər halda faydalı oldu.

Azərbaycana səfərimin nəticələrinə qayıdaraq deməliyəm ki, hazırda biz əldə olunmuş razılaşmaların həyata keçirilməsi üzərində işləyirik. Əslində, biz burada - ŞƏT çərçivəsində görüşsək də, bu, əməkdaşlığımızla bağlı bütün məsələlər üzrə tamformatlı danışıqlardır. Ona görə də indi sözü Sizə vermək istərdim.

X X X

Sonra çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib:

-Hörmətli Kasım-Jomart Kemeleviç.

İlk növbədə, ŞƏT-in Zirvə toplantısında iştirak etmək üçün dəvətinizə görə Sizə minnətdarlığımı bildirirəm. Biz bunu Qazaxıstanın Azərbaycana qardaşlıq münasibətinin növbəti göstəricisi kimi qiymətləndiririk. Bu tədbirdə iştirak etməkdən şərəf duyuruq. Həmçinin vaxt ayırdığınıza görə təşəkkür edirəm, bu günlərdə görüşlərlə bağlı nə qədər məşğul olduğunuzu bilirəm. Nisbətən yaxın vaxtlarda görüşməyimizə baxmayaraq, gündəmə bir az nəzər salmağa, razılaşmalarımızı necə həyata keçirdiyimizi görməyə ehtiyac var.

Sizin Azərbaycana dövlət səfəriniz, əslində, həm forma, həm məzmun, həm də emosional əhvali-ruhiyyə baxımından tarixi idi. İşğaldan azad edilmiş ərazilərin bərpasına kömək göstərilməsi təşəbbüsünüzə görə bir daha bütün Azərbaycan xalqı adından minnətdarlığımı bildirmək istəyirəm. Qazax xalqının dahi oğlu Kurmanqazının adını daşıyan mərkəz səmərəli fəaliyyət göstərir və Sizinlə birlikdə qeyd etdiyimiz kimi, bu, Qazaxıstan-Azərbaycan dostluğunun və qardaşlığının mərkəzidir. Bu, şəxsən Sizin və qardaş Qazaxıstan xalqının Azərbaycana münasibətinin bariz təzahürüdür.

Müzakirə etdiyimiz və razılaşdırdığımız bütün istiqamətlər üzrə müsbət dinamika əldə olunur. Nəqliyyat infrastrukturu ilə bağlı məsələlər fəal şəkildə həyata keçirilir. Biz mahiyyət etibarilə Trans-Xəzər nəqliyyat marşrutu üzrə vahid komanda şəklində fəaliyyət göstəririk. Əlbəttə, bugünkü və sabahkı tədbirlər çərçivəsində bu mövzu daha geniş müzakirə ediləcək. Həmçinin bu, bir neçə gün sonra keçiriləcək və Sizi yenidən Qarabağda görməyimizə şad olacağımız Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə əsas mövzu olacaq.

Eyni zamanda, Azərbaycan ilə Ermənistan arasında prosesə verdiyiniz dəstəyə görə təşəkkürümü bildirmək istərdim.

X X X

Dövlət başçısı Qazaxıstan Prezidentinin Azərbaycana səfəri zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində birgə addımların və səylərin davam etdirildiyini vurğulayıb, görüşün yaxın günlərdə Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə toplantısında davam edəcəyini bildirib.

Türk Dövlətləri Təşkilatının da iki ölkənin gündəliyində prioritet istiqamət olduğu vurğulanıb.

Prezident İlham Əliyev Kasım-Jomart Tokayevin rəhbərliyi ilə Qazaxıstanın inkişafının, beynəlxalq səviyyədə nüfuzunun artmasının, ölkədə həyata keçirilən siyasi-iqtisadi islahatların dost və qardaş Azərbaycanı da sevindirdiyini bildirib, bu münasibətlə təbriklərini çatdırıb.

Qazaxıstan Prezidenti qeyd edib ki, ölkəsi Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına tam üzvlüyünü dəstəkləməyə hazırdır.

Kasım-Jomart Tokayev COP29-un ölkədə keçirilməsi münasibətilə təbriklərini çatdırıb.

COP29-un dünya səviyyəsində ən mötəbər tədbirlərdən biri olduğunu deyən Qazaxıstan Prezidenti Azərbaycanın bu tədbiri uğurla təşkil edəcəyinə əminliyini bildirib.

Görüşdə iki ölkənin bu məsələ ilə bağlı müxtəlif təşəbbüslərlə çıxış etmələrinə toxunulun.

Dövlət başçısı təbriklərə görə minnətdarlığını ifadə edib.

Söhbət zamanı Orta Dəhlizin inkişafı istiqamətində nailiyyətlər qeyd olunub, Birgə İnvestisiya Fondu ilə əlaqədar imzalanacaq anlaşma memorandumunun əhəmiyyəti bildirilib və bu xüsusda artıq konkret layihələrin icrasına dair aidiyyəti qurumlara tapşırıqlar verildiyi diqqətə çatdırılıb.

Humanitar sahədə əməkdaşlığa toxunulub, Qazaxıstan Mədəniyyət Günlərinin Azərbaycanda uğurla keçirildiyi, Azərbaycan Mədəniyyət Günlərinin isə bu ilin sentyabrında Qazaxıstanda keçiriləcəyi vurğulanıb.

***

Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

222222