"Azərbaycanın ŞƏT-də iştirakı bölgəmiz üçün faydalıdır" - Politoloq
Xəbər verdiyimiz kimi, Qazaxıstanın paytaxtı Astana şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Toplantısı keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanlı həmkarı Kasım Jomart Tokayevin dəvəti ilə bu sammitdə iştirak edib. Samit çərçivəsində iyulun 3-də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Sənəddə Çin tərəfi Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində əməkdaşlığı gücləndirmək səylərini alqışladığını, ŞƏT-də Azərbaycanın hüquqi statusunun yüksəldilməsini dəstəklədiyini bəyan edib. Prezident İlham Əliyev də Azərbaycanın ŞƏT-ə üzv olmaqda maraqlı olduöunu qeyd edib.
Bəs Azərbaycanın ŞƏT ilə əməkdaşlığının ölkəmizə hansı töhfələri olacaq?
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Elxan Şahinoğlu açıqlamasında bildirdi ki, Azərbaycan üçün həm təşkilatın özü maraq cəlb edir, həm də təşkilat çərçivəsində ikitərəfli əlaqələr bizim üçün vacibdir:
"Prezident İlham Əliyev də Qazaxıstandakı görüşlər çərçivəsində çox vacib əhəmiyyətli fikir mübadilələri apardı. Çinlə strateji tərəfdaşlıq haqqında bəyanat imzalandı ki, bu da Azərbaycan üçün əhəmiyyətlidir. Çin dünya iqtisadiyyatının liderlərindən biridir. Həmçinin Çinlə bağlı bizim daha bir marağımız odur ki, Çin yükləri məhz Orta dəhliz və Azərbaycan üzərindən Avropa bazarlarına daşınsın. Bu məsələ də bizim böyük maraq dairəmizdədir. Çünki bu, Azərbaycanın əhəmiyyətini bölgədə və qitədə daha çox artıracaq. Həm də qardaş türk dövlətləri bu təşkilatın üzvüdür. Gələcəkdə Azərbaycanın üzvlük məsələsi müzakirəyə qoyula bilər. Hazırda Belarus üzvü oldu. Türkiyənin də bu təşkilata marağı var. Təsadüfi deyil ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da toplantıda iştirak etdi və ikitərəfli görüşlər keçirdi. Ümumiyyətlə, dünyada intensiv inkişaf edən çox az təşkilat var. Hətta BMT bir nömrəli təşkilat olsa da, tənqidçiləri çoxdur. Çünki bir çox problemləri həll etmir, amma regional təşkilatlara maraq getdikcə artır. Bu regional təşkilatdan ən belə irəlidə olanı məhz Şanxay Əməkdaşlıq Təşkilatıdır. Bu təşkilat yarananda əsas məqsəd beynəlxalq terrora və narkotikə qarşı mübarizə kimi düşünülmüşdü. Amma getdikcə təşkilat daha da institutlaşdı və iqtisadi əməkdaşlıq, ortaq layihələr kimi mövzularla da gündəmə gəlib. Bu baxımdan Azərbaycanın bu təşkilatda iştirakı ölkəmiz və bölgəmiz üçün faydalıdır".
Sevinc İBRAHİMZADƏ