"Paşinyanın başqa yolu yox idi..." - Fazil Mustafa

 12:35 05.07.2024     324

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Konstitusiya Günü münasibətilə müraciətində ölkənin yeni Konstitusiyaya ehtiyacı olduğunu qeyd edib. Xatırladaq ki, Prezident İlham Əliyev də Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda, Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanmasının mümkün olmadığını deyib.

Paşinyanın etirafını Redaktor.az-a şərh edən Milli Məclisin deputatı Fazil Mustafa bildirdi ki, Ermənistan baş nazirinin Konstitusiyada dəyişikliyə ehtiyac olduğunu dilə gətirməsi Azərbaycanın mövqeyinin hansısa formada qəbul edilməsi deməkdir:

"Paşinyan təbii ki, Azərbaycan prezidenti İlham Əliyevin sülh müqaviləsi ilə bağlı şərtinə görə, konstitusiyada dəyişiklik etmək istədiyini deyə bilməz. Çünki hər hansı bir ifadənin çəkisini və nəticəsini daxili auditoriyada da nəzərə almaq məcburiyyətindədir. Ona görə də konstitusiyanın dəyişməsinin yekununda bir sıra müddəaların ortadan qaldırılması, sülhə doğru gəlmək istəyi konkret sənədlər üzərində göstərməlidir. Azərbaycan da məsələ ilə bağlı prinsipial şərt qoyubsa, Ermənistan yəqin ki, bu addıma gedəcək. Başqa yolu da yoxdur. Sülh bağlamaq yolunda müəyyən fədakarlıqlar hər iki tərəf – xüsusilə də, Ermənistan üçün önəmlidir. Bizim konstitusiyamızda nəinki Ermənistanın, heç bir ölkənin ərazi bütövlüyünü təhdid edən hər hansı bir müddəa yoxdur. Ona görə də, Paşinyanın etirafında dolayı yolla da olsa, şərtlərimizin təmin edilməsi mənasına gələn addımdan söhbət gedir".

Sultan AYXAN