Makron məğlub oldu, Paşinyanın aqibəti necə olacaq? - ŞƏRH

 18:00 08.07.2024     423

Makronun Seçkilərdə məğlubiyyəti Fransanın Ermənistanla bağlı siyasətində müəyyən dəyişikliklərə səbəb olacaq.

Redaktor.az xəbər verir ki, bu sözləri keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Fransa Prezidenti Emmanuel Makronun parlament seçkilərində məğlubiyyətini şərh edərkən dedi.

Onun sözlərinə görə, Makronun məğlub olması onun gücünü azaldacaq.

"Parlamentin dəyişməsi ilə birgə ortaya bəzi məsələlər çıxıb. O da əvvəldən bəlli idi. Makron bundan qabaq həm icraçı hakimiyyətdə, həm də qanunverici hakimiyyətdə üstünlüyə malik idi. Artıq onun hakimiyyətdə üstünlüyü olmayacaq. Ola bilsin ki, hökumət koalisiya şəklində formalaşacaq." 

T.Zülfüqarov bildirdi ki, solçu Yeni Xalq Cəbhəsi Partiyasının seçkidə qalib gəlməsi ümumi xarici siyasətə də öz təsirini göstərəcək.

"Hələ ki, koalisiya tam formalaşmayıb və xarici siyasətin təzə prioritetləri müəyyənləşdirilir. Parlamentin dəyişməsi Fransanın Ermənistandan vaz keçməyi demək deyil. Yeni hökumət də Ermənistanın tərəfində dura bilər. Lakin hansısa mənada bu istiqamətdə yenilik olacaq",- deyə keçmiş nazir fikrini yekunlaşdırdı.

Türkan İSGƏNDƏRLİ