"Orbanı Aİ-dən uzaqlaşdırmaq cəhdləri uğursuzluğa düçar olacaq" - Politoloq

 14:03 09.07.2024     370

"Macarıstanın Baş naziri Viktor Orbanın son günlər sərgilədiyi fəallıq Avropa İttifaqında müəyyən kəsim tərəfindən narazılıqla qarşılanıb və onun əleyhinə müəyyən bəyanatlar səsləndirilib. Ancaq məlumdur ki, Orban öz fəaliyyətlə məşğul deyil, onun arxasında Qərbin kifayət qədər nüfuzlu dairələri dayanıb və Orbanın atdığı bu addımlar onların istəyinin ifadəsidir. Qərbdə kifayət qədər nüfuzlu qüvvələr var ki, onlar Rusiya-Ukrayna müharibəsində sülh səylərinin artırılmasında maraqlıdırlar. Anlayırlar ki, Ukraynanın qarşıya qoyduğu məqsədə nail olması qeyri-mümkündür".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Abutalıb Səmədov bildirdi.

O qeyd etdi ki, söhbət 1991-ci il sərhədlərinə qədər rus ordusunu çıxartmaqdan gedir:

"Ukraynanın ötənilki əks hücumu göstərdi ki, Rusiya artıq bu məsələlərdə kifayət qədər hazırlıqlıdır. Bu səbəbdən Ukrayna, demək olar ki, irəli gedə bilmədi. Azad etdiyi ərazilərin iki-üç qatını rus qoşunları işğal etdi. Hələlik ağır-ağır da olsa, irəliləyən Rusiyadır. Qərbdə də anlayırlar ki, Ukraynanın ciddi dönüş yaratması mümkün deyil, sülh danışıqları aparmalıdır. Burada Ukraynanın Prezidenti Vladimir Zelenskinin maksimalist mövqeyi işə mane olur. Digər tərəfdən Zelenskinin özü də etiraf etdi ki, ölən və yaralananlar çox olduğu üçün sülh sazişi imzalanmalıdır, müharibə illərlə davam edə bilməz. Hərçənd bu vaxta qədər əksini deyirdi".

Politoloqun sözlərinə görə, Qərbdə Ukraynanın ərazi itkisi hesabına sülh istəyənlərin sayı artır və Orban onların istəyini çatdırır:

"Bu səbəbdən nə qədər deyilsə də, Orbanın əleyhinə bəyanatlar səsləndirilsə də, bütövlükdə Orbanın Qərbdə tərəfarları əleyhdarları qədərdir. Onu Ai-də sədrlikdən uzaqlaşdırmaq cəhdləri, mənim fikrimcə, uğursuzluğa düçar olacaq. Orbanın necə siyasət yürüdəcəyi əvvəlcədən məlum idi və bunun qarşısını heç kim ala bilmədi. Mən hesab edirəm ki, Orbanın sülh siyasəti faydalıdır, çünki reallığı anlayır. Müəyyən qədər ABŞ-nin keçmiş preizdenti Donald Trampla eyni mövqedən çıxış edir. Orbanın sülh səyləri nəticə verə bilər. Rusiyanın Türkiyənin vasitəçiliyindən imtina etməsindən sonra yeganə real vasitəçi olacaq şəxs məhz Orban görünür. Mən düşünürəm ki, dildə nə qədər onun əleyhinə danışsalar da, onun dəstəyi artacaq və Aİ-də də onun tərəfdarlarının çoxalması ehtimalı yüksəkdir".

Sevinc İBRAHİMZADƏ