"Avqust-sentyabr aylarında Gürcüstanda dövlət çevrilişi olacaq" - Politoloq

 16:43 09.07.2024     414

Vaşinqton bu il oktyabrın 26-da ölkədə keçiriləcək parlament seçkilərində hakim “Gürcü Arzusu” partiyasını gözdən salmaq üçün genişmiqyaslı kampaniya hazırlayıb.  Bu barədə Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin  mətbuat bürosu məlumat yayıb. Məlumatda o da qeyd edilir ki, ABŞ Salome Zurabaşvilinin başçılığı altında hakimiyyət dəyişikliyi planlaşdırır. Eyni zamanda Gürcüstanın Avropa İttifaqına qəbulu da hazırda dayandırılıb.

Maraqlıdır, ABŞ yenidən Gürcüstanda dövlət çevrilişi edə bilərmi?

Mövzu ilə əlaqədar Redaktor.az-a danışan politoloq Cümşüd Nuriyev bildirdi ki, Avropa İttifaqının Gürcüstana qarşı qapıları bağlamasının səbəbi qonşu ölkənin öz müstəqilliyini qorumaq arzusudur:  

  "Qərb bunu Gürcüstanın Rusiyaya yaxınlaşması ilə bağlayır. Ancaq gürcülər kifayət qədər qürurlu xalqdır, onlar öz üzərlərində ağalıq edilməsini xoşlamırlar. Qərb bizə ikinci, üçüncü növ xalq kimi baxır, bunu da gürcülər qəbul etmək istəmədilər. Gürcüstan Prezidenti Salome Zurabişvili də Fransanın yetişdirdiyi şəxsdir və Qərbin tapşırığını icra edir. Məqsədi isə Avropa İttifaqının maraqlarını Gürcüstanda təmin etməkdir". 

Politoloqun sözlərinə görə, Aİ çalışırdı ki, Gürcüstanı indiki şəraitdə Ukrayna kimi bir dövlətə çevirsin: "Amma gürcülər buna razılıq vermədilər. Ona görə də qərblilər belə oyun oynadılar. Həqiqətən, Gürcüstanda dövlət çevrilişi etmək istəyirlər, çünki Salome Zurabişvilinin gələn ay prezidentlik vaxtı bitir və oktyabrdan sonra o, bu işlərə qarışa bilməyəcək. Belə olduğu halda çalışacaqlar ki, avqust-sentyabr aylarında Gürcüstanda dövlət çevrilişi etsinlər və bu məsələ olduqca realdır".  

Sevinc İBRAHİMZADƏ