"Gürcüstanın Avropa İttifaqı ilə münasibətləri daha da pisləşəcək" - Politoloq

 17:11 09.07.2024     395

Avropa İttifaqı Gürcüstanın bu birliyə inteqrasiya prosesini dayandırıb. Halbuki ötən il Gürcüstan Aİ-yə qəbul olunmağın bir addımlığında idi.

Maraqlıdır, bundan sonra hadisələr hansı məcrada davam edəcək, bu məsələnin Gürcüstan və eləcə də bölgə ölkələrinə hansı təsirləri olacaq?

Bu barədə politoloq Əziz Əlibəyli Redaktor.az-a açıqlamasında bildirdi ki, Avropa Birliyi rəhbərlərindən olan Cozef Borrelin təşəbbüsü ilə Gürcüstana qarşı belə münasibət sərgilənib:

Onun sözlərinə görə, Gürcüstanın Avropa İttifaqına qəbuluna stop qoyulması "Xarici agentlər haqqında qanun"un qəbul olunmasına görə oldu:

"Avropa İttifaqında belə bir fikir də var ki, Gürcüstan son zamanlar Rusiya siyasi xəttinə yuvarlanmaqdadır. Bundan əlavə, Ukrayna müharibəsi kontekstində Rusiya, demək olar ki, böyük transfer köçürmələri olan şirkətlərin əksəriyyətini Gürcüstana daşıdı və Gürcüstanın bu missiyasını artıq Ermənistana  transfer etmə cəhdləri var. Onlar Ermənistanı Paşinyan üzərindən Avropa İttifaqı yolunda irəliləyən dövlət kimi görməkdədirlər".

Bu məsələnin Gürcüstana və bölgəyə təsirinə də toxunan Ə.Əlibəyli qeyd etdi ki, indiki vəziyyətdə gürcüstanlıların  Avropa iqtisadi məkanına çıxışı maddi fürsətlər doğurub və əhali bu mənada Aİ-dən bəhrələnir:

"Amma siyasi sabitlik prizmasından Azərbaycanın izlədiyi yol və Qarabağı azad etmə modeli Gürcüstanda indi daha çox qəbul olunan modelə çevrilir. Yəni Rusiya yaxın qonşu, faydalı tərəfdaş və işğal altında olan torpaqları azad edəcək ölkəyə çevrilir. Belə olduqda yaxın gələcəkdə Gürcüstanla Avropa İttifaqının münasibətlərinin daha da pisləşəcəyini görmək mümkündür. Amma Gürcüstanda vətəndaş cəmiyyətinin Qərb bağlantılarının bir az güclü olması ölkədə siyasi sabitliyin pozulmasına gətirib çıxara bilər".

Sevinc İBRAHİMZADƏ