"Trampın Rusiya-Ukrayna müharibəsi barədə verdiyi vəd boşdur" - Politoloq

 19:43 10.07.2024     502

ABŞ-də keçmiş preizdent Donald Trampın hakimiyyətə gəlmək şansı günü-gündən reallığa çevrilir. Co Baydenlə keçirdiyi debatlar da buna sübutdur. Tramp bildirib ki,yenidən prezident seçiləcəyi təqdirdə Ukrayna problemini bir saata həll edə bilər.  Hərçənd Prezident Vladimir Putin dəfələrlə Ukrayna müharibəsində nəzarətə götürdüyü torpaqların Rusiya torpağı olduğunu bildirib. 

Bəs, Tramp prezident seçildiyi təqdirdə Rusiyanın Ukraynada işğal etdiyi ərazilərin taleyi necə olacaq?

Bu barədə politoloq Elşad Həsənov Redaktor.az-a öz fikirlərini bölüşdü.

O bildirdi ki, ABŞ-də prezident seçkiləri noyabrda keçiriləcək. Lakin Trampla keçirdiyi son debatda Bayden zəif göründü və bu da onun seçilmə faizinə təsir etdi:

"Bununla belə, sonradan aparılan araşdırmalar onu deməyə əsas verir ki, müəyyən ştatlarda Bayden yenə də irəlidədir. Lakin son nəticədə Tramp 2 faiz səs çoxluğu ilə Baydeni üstələyir. Buna görə də demokratlar Baydenin hakimiyyətdən kənarlaşdırılmasının vacib olduğunu bildirirlər. Ancaq hələlik Bayden buna razılıq vermir. Ona görə də, Trampın seçiləcəyini dəqiq demək olmur. Həmçinin bir məsələ çox təssüfləndirir ki, Amerika kimi böyük ölkədə hakimiyyəti idarə edəcək lider tapa bilmirlər. Bayden güclü olsa da, qocadır, o artıq bəzi şeyləri unudur, hətta yeriyəndə belə büdrəyir. Tramp isə avantüristin biridir. Onun bir saata Ukrayna-Rusiya müharibəsini dayandıra biləcəyi ilə bağlı verdiyi açıqlama boş və puçdur. Çünki NATO ölkələri, Avropa İttifaqı bildirir ki, Tramp Ukraynaya dəstək olmasa belə, onlar öz dəstəklərinə davam edəcəklər. Bu mənada müharibənin tezliklə Tramp tərəfindən dayandırılması absürddür. Əgər Tramp prezident seçilərsə, Ukraynaya yardımı dayandıra və onun Purtinin sülh danışıqlarına məcbur edə bilər. Ancaq NATO bunun əleyhinədir".

Politoloqun sözlərinə görə, hazlrda gizli olaraq sülh danışıqları gedir:

"Həmçinin Putin də bir neçə dəfə öz açıqlamalarında sülhə hazır olduğunu bildirib, lakin bunu elə bir dövlət etməlidir ki, sülhə təminat versin. Türkiyə Astanada keçirilən ŞƏT sammitində bu sahədə aparılan sülh siyasətinə dəstək olacağını bildirsə də, Putinin sözçüsü D.Peskov Türkiyənin bu gücə sahib olmadığını vurğulayıb. Yəni bu prosesin Çin, Amerika kimi ölkələrin razılığı ilə həyata keçiriləcəyi çıxışını edib. Hərçənd Türkiyə Rusiya-Ukrayna münaqişəsində xeyli səy göstərib. Müharibədən isə Rusiya da həm yorulub, həm də hərbi resursları bitmək üzrədir. Ukraynada isə Qərbin və Amerikanın ölkəyə göndərdiyi silah-sursat tükənib və bəs etmir. Odur ki, hər müharibənin sonu sülhlə bitməli olduğu kimi, Ukrayna-Rusiya münaişəsində də sülhün yaxın gələcəkdə bağlanmasına dair gözləntilər var. Ancaq nə Ukrayna, nə də Avropa rəsmiləri Rusiyanın işğal etdiyi torpaqların qalmasına göz yummaq istəmir. Onlar istəyirlər ki, Ukrayna öz ərazilərini geri qazansın və bununla da, sülh müqaviləsi bağlanılsın".

Sevinc İBRAHİMZADƏ