Azərbaycan və Pakistan buna tərəf gedirlər - AÇIQLAMA

 19:44 12.07.2024     583

"Azərbaycan və Pakistan dost və qardaş ölkələrdir. Pakistan Azərbaycanın dövlət müstəqilliyini Türkiyədən sonra tanıyan ikinci dövlətdir".

Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana dövlət səfərini şərh edərkən dedi.

O, iki ölkə arasındakı münasibətlərin qarşıdakı zaman kəsiyində hansı səviyyədə inkişaf edəcəyindən danışdı:

Picture background

"Ölkələrimiz arasında diplomatik əlaqələr 1992-ci ildən qurulub. Azərbaycanla Pakistanı tarix, mədəniyyət, dostluq və qardaşlıq birləşdirir. Pakistan vaxtilə torpaqlarımızı işğal etdiyinə görə Ermənistanı bir dövlət kimi tanımayıb və hələ də tanımır. Həm də Pakistan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasına sədrilik edəndə təkidilə Azərbaycan üçün böyük əhəmiyyət daşıyan 822 nömrəli qətnamə qəbul olunub".

Deputat xatırlatdı ki, dövlət rəhbərləri arasında ikitərəfli görüşlərin əsasını ilk dəfə 1994-cü ildə ulu öndər Heydər Əliyev və Pakistanın Baş naziri Bənazir Bhutto tərəfindən Kasablankada qoyulub:

"Bu gün isə həmin ənənəni dövlət başçılarımız yüksək səviyyədə davam etdirirlər. Keçən il ölkəmizdə səfərdə olan Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycanla Pakistanı "bir bədəndə iki ürək"lə müqayisə edib. Dövlət başçılarımızın görüşləri və qarşılıqlı rəsmi səfərləri müntəzəm xarakter daşıyır",- deyə A.Badamov vurğuladı. 

Millət vəkili qeyd etdi ki, 11-12 iyulda Prezident İlham Əliyev Pakistana rəsmi səfərdə hərbi təyyarələrin müşayiəti ilə qarşılanması, Baş nazirin şəxsən hava limanına gəlməsi, küçələrdəki şüarlar Azərbaycana və Prezident İlham Əliyevin şəxsiyyətinə olan böyük hörmətin göstəricisidir:

"Dövlətlərimiz arasında əməkdaşlığa dair 38 sənəd imzlanıb. Dövlət başçımızın Pakistana bu səfəri çərçivəsində əməkdaşlığımızın genişləndirilməsinə xidmət edəcək çoxlu sənədlər yenidən imzalandı. Prezidentin keçirdiyi geniş tərkibli görüşündən sonra mətbuata açıqladığı bəyanatlarda əməkdaşlığımızın perspektivləri haqqında geniş danışıldı. Biz ticari, iqtisadi, hərb sənaye, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığılmızın genişləndirilıməsinə hədəflənirik. Azərbaycanın təqdim etdiyi beynəlxalq nəqliyyat dəhlizləri qardaş Pakistan üçün açıqdır". 

A.Badamovun fikrincə, Azərbaycan və Pakistan beynəlxalq platformalarda həmişə bir-birini dəstəkləyir:

"Belə ki, Pakistan Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu tanıdığı kimi, biz də Kəşmir məsələsində hər zaman Pakistanın yanındayıq. Xalqlarımızın bir-birinə böyük sevgisi və hörməti var. Azərbaycanda Pakistanın adı gələndə, Pakistanda isə Azərbaycanın adı gələndə bir doğmalıq hissi yaşanır. Bu baxımdan dövlət rəhbərimizin Pakistana etdiyi rəsmi səfər Azərbaycan-Pakistan münasibətlərinin inkişafına yeni bir impuls verəcək".

Politoloq Abutalıb Səmədov da saytımıza Azərbaycan və Pakistan arasında siyasi müttəfiqlik barədə bəyannamənin imzalanması barədə danışdı.

O bildirdi ki, Pakistanla Azərbaycan münasibətləri siyasi müttəfiqlik səviyyəsində olmasa da, ona yaxın münasibətdədir:

Picture background

"Məlumdur ki, siyasi müttəfiqlik barədə Azərbaycanın Rusiya və Türkiyə ilə imzalanmış sənədləri mövcuddur. Ancaq Rusiya ilə imzalanmış siyasi müttəfiqlik barədə sənəd hələ parlamentlərdə təsdiq olunmayıb. Heç kim deyə bilməz ki, Azərbaycanın Rusiya ilə münasibətləri Pakistanla olan münasibətlərdən daha yaxındır, baxmayaraq ki, sənədləri imzalanıb. Bu səbəbdən yaxın gələcəkdə Azərbaycan və Pakistan arasında müttəfiqlik barədə sənədin imzalanması ehtimalı kifayət qədər yüksəkdir və dövlətlərimiz buna tərəf gedirlər".

Siyasi ekspert Pakistanın Türk Dövlətləri Təşkilatına qoşulma ehtimalını da dəyərləndirdi.

Onun sözlərinə görə, Pakistanın TDT-yə üzv olması ehtimalı mövcud deyil və güman ki, Pakistan belə bir təbəşşüs irəli sürməyəcək:

"Pakistan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) kimi nüfuzlu beynəlxalq təşkilatın üzvüdür. Həmçinin Pakistan BRİKS-ə daxil olmağı qarşısına hədəf qoyub. Hərçənd Hindistanın bu prosesdə olması müəyyən problemlər yarada bilər. Ancaq bu da aşılmaz maneə deyil. Pakistanın qarşıdakı illərdə BRİKS-ə daxil olma ehtimalı mövcuddur. Fikrimcə, Pakistan ən azından yaxın vaxtda Türk Dövlətləri Birliyinə üzv olmaq ilə bağlı müraciətlə çıxış etməyəcək. Əgər bu gün Türkmənistan bu təşkilatda müşahidəçi statusundadırsa və sonuncu Şuşa tədbirinə prezident səviyyəsində gəlmədisə, bu, onu göstərir ki, biz TDT-ni gücləndirməliyik. Bundan sonra ola bilər ki, gələcəkdə digər dövlətlərin də bu təşkilata üzv olmaq istəyi yarana bilər. Eyni zamanda idman, siyasi və digər heç bir məsələ türk dövlətləri rəhbərlərinin rəsmi və qeyri-rəsmi sammitindən qabağa keçə bilməz. Nə qədər ki biz buna nail ola bilməmişik, hələlik TDT-yə digər dövlətlərin daxil olmaq ehtimalı o qədər də yüksək hesab olunmur və belə təşəbbüslərin irəli sürüləcəyi mümkün görünmür".

Sevinc İBRAHİMZADƏ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda dərc olunub.