Trampa qarşı sui-qəsd - Oyun, yoxsa...

ABŞ-nin keçmiş prezidenti Donald Tramp iyulun 13-ü axşam saatlarında sui-qəsdə məruz qalıb. Siyasətçiyə bir neçə dəfə atəş açılıb, sonra qulağı qanamış vəziyyətdə səhnədən götürülüb və xəstəxanaya aparılıb. O, müalicəsindən sonra xəstəxanadan buraxılıb. Trampa qarşı törədilən hadisənin təfərrüatları ilə bağlı müxtəlif fikilər mövcuddur. Bəziləri baş verən hadisələrin məhz şəxsən Tramp tərəfindən siyasi gündəmdə diqqəti özünə cəlb etmək üçün həyata keçirdiyi fikrindədirlər. Digərləri isə bu olanları hazırkı prezident Co Baydenlə əlaqələndirirlər.
Politoloq İlyas Hüseynov Redaktor.az-a açıqlamasında bildirdi ki, ABŞ-nin eks-prezidenti Donald Trampa sui-qəsdin olması, şübhəsiz ki, seçki prosesinə təsir edən amildir:
"Bu hadisənin baş verməsi ABŞ-nin 45-ci prezidenti və hazırda prezidentiyə namizəd olan Trampın reytinqlərinə müsbət təsir göstərdi, müxtəlif şəxslər ona səs verəcəkləri ilə bağlı fikirlərini bölüşürlər. Lakin inanmıram ki, bu, əslində, bir şoudur və diqqəti cəlb etmək üçün Tramp oyun qurmuşdur. Düşünmürəm ki, hər hansısa bir şəxs siyasi arenaya çıxmaq üçün öz sağlamlığını qurban verə, yaxud təhdid altına qoya".
Politoloq dedi ki, Trampın səhhəti üçün heç bir təhlükənin olmaması onu istəməyənlər üçün bir nəticədir.
"Hər hansısa xarici güc mərkəzinin bu sui-qəsd cəhdində əlinin olmadığı təsdiqlənib. Eyni zamanda ehtimal etmirəm ki, Co Baydenin məsələ ilə bağlı əlaqəsi olsun. Amma hazırda ideologiyaların, siyasi cərəyanların və siyasi düşüncə yarışının getdiyini görmək olur. Seçkiyə yaxınlaşdıqca bu proseslər daha inkişaf edəcək və sürətlənəcək", - deyə İ.Hüseynov əlavə etdi.
Sevinc İBRAHİMZADƏ