Nəcməddin Sadıkov niyə istintaqa çağırılmır? - AÇIQLAMA
Müdafiə Nazirliyindəki 143 milyonluq dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı açılan cinayət işində mühakimə olunan müttəhimlər məhkəmədə tez-tez o illərdə Silahlı Qüvvələrin Baş Qərargah rəisi olmuş general-polkovnik Nəcməddin Sadıkovun adını çəkirlər. Hətta sonuncu məhkəmə prosesində məlum oldu ki, şəxsən Nəcməddin Sadıkova 21 min manata 6 dəst (cəmi 36 ədəd) armudu stəkan, 8 min manata isə 80 butulka (biri 100 manat) çaxır alınıb. Sadıkovun şəxsi istifadəsinə verilən ümumilikdə 29 min manatlıq armudu stəkan və çaxırın pulu dövlət vəsaiti hesabına ödənilib.
Maraqlıdır ki, dəfələrlə adı hallanmasına baxmayaraq Nəcməddin Sadıkov nə üçün hələ də istintaqa cəlb olunmur?
Bu barədə Redaktor.az-a danışan millət vəkili Fazil Mustafa dedi ki, N.Sadıkovun nəyə görə istintaqa cəlb edilmədiyinin səbəbini bilmir:
"Hər halda adı çəkilirsə, istintaqa cəlb olunmalıdır. Hüquq-mühafizə orqanları məqsədəuyğun hesab etsələr və tutarlı dəlillər olsa, yəqin ki, o, istintaqa cəlb olunacaq. Ümumiyyətlə, kiminsə adı səsləndirilən kimi onu məsuliyyətə cəlb etmək kimi bir qayda yoxdur. Məsələ gərək araşdırıla, sübutlar toplanıla. Hər bir halda isə bu məsələ hüquq-mühafizə orqanlarına aiddir".
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Fəxrəddin Cəbrayılov da N.Sadlkovun hələ də instintaqdan kənarda qalmasına təəccübləndiyini bildirdi:
"Ayrı adam olsa, çoxdan içəridə olardı. Ya kimsə onun arxasında durub, ya da başqa məsələ var. Hərçənd mənə də çox maraqlıdır, amma heç nə deyə bilmərəm, çünki bilmirəm".
Hüquqşünas Əkrəm Həsənovdan da məsələ ilə bağlı fikirlərini soruşduq. O qeyd etdi ki, burada əsas məsələ Nəcməddin Sadıkovun sözügedən cinayət işinə birbaşa əlaqəsinin olub-olmamasıdır:
"Dövlət orqanlarında bütün satınalmalar "Dövlət satınalmaları haqqında" qanuna əsasən həyata keçirilir. Bunun üçün də "Satınalma Komissiyası" olur və onun nəticəsini həmin qurumun rəhbəri təsdiq edir. Yəni nəyinsə alınması üçün rəhbərə müraciət olunur və onun icazəsi ilə bu, mümkün olur. Belə çıxır ki, Nəcməddin Sadıkov özü almayıb, "Satınalma Komissiyası" alıb. Onun bu məhsulları niyə aldırması isə başqa mövzudur. Yəqin ki, bununla bağlı açıqlaması olub. Ancaq hər bir halda onun burada təqsirini sübut etmək elə də asan məsələ deyil. Çünki komissiya alıb və bu da bilavasitə nazirin icazəsi ilə baş tutub. Onda gərək naziri də çağırsınlar. Ona görə də bu məsələ birtərəfli deyil. Sadəcə olaraq, bu, məsələnin qanuni tərəfidir və hüquqşünas kimi deyə bilərəm ki, onun günahını sübut etmək asan deyil".
Vəkil Əsabəli Mustafayev isə mövzu barədə danışarkən qeyd etdi ki, Nəcməddin Sadıkovun məsuliyyətə cəlb olunmaması hüquqi məsələ deyil, siyasi məsələdir:
"Əgər hüquqi olsaydı, o çoxdan həm müharibə vaxtı döyüşlərdəki əməllərinə görə, həm də sonradan törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb olunmalı idi. Onun həm korrupsiya, həm vəzifə səlahiyyətlərini lazımi səviyyədə icra etməməsi ilə bağlı mətbuatda xəbərlər mövcuddur. Bunlar başqa adam haqqında olsa idi, əminəm ki, o, çoxdan həbsdə olardı".
Vəkil dedi ki, hamı onun Rusiyanın kadrı olduğunu bilir:
"Ümumiyyətlə, əvvəllər hərbidə olan yüksək vəzifəli şəxslərin böyük əksəriyyəti Rusiya ilə bağlı olan insanlar idi. Çünki Azərbaycanda o vaxt hərbi təhsil müəssisələri yox idi. Bizimkilər də bu səbəbdən Rusiyada təhsil almışdılar və deyilənə görə, sonradan ölkəyə qayıdıb çalışanların da əksəriyyəti rus hərbi kəşfiyyatı ilə bağlı insanlar idi. Rus kəşfiyyatı onları ələ alırdı və qoruyurdu. Bu adamlara toxunmaq Rusiyanın mənafeyinə toxunmaq kimi qiymətləndirilirdi. Nəcməddin Sadıkov düşünürəm ki, hələ də Azərbaycanda imkanlı və toxunulmaz formada yaşayır. Ola bilsin ki, nə vaxtsa Azərbaycanın münasibətləri digər inkişaf etmiş ölkələrlə yaxşılaşanda və Rusiya tərəfindən hər hansısa təhlükədən çəkinmədikdə N.Sadıkov məsuliyyətə cəlb olunsun. Ancaq yaxın zamanlarda Nəcməddin Sadıkovun məsuliyyətə cəlb olunmasını gözləmək düzgün deyil".
Sevinc İBRAHİMZADƏ