"İrana tam güvənmək olmaz" - Siyasi şərhçi

 16:49 16.07.2024     633

Azərbaycanın İrandakı səfirliyi iyulun 15-dən etibarən fəaliyyətini yeni ünvanda bərpa etdi. Bu səbəbdən səfir və səfirliyin heyəti İrana geri dönüb. Azərbaycan əsilli Prezidentin İranda hakimiyyətə gəlməsinin fonunda səfirliyin yenidən fəaliyyətə başlamasından sonra İran-Azərbaycan münasibətlərinin hansı məcrada inkişaf edəcəyi böyük maraq doğurur. 

Mövzu ilə bağlı Redaktor.az-a siyasi şərhçi Sədrəddin Soltan açıqlama verdi.

Onun sözlərinə görə, bu proses iki ölkə arasında münasibətlərin normallaşmağa başladığının göstəricisidir.

"İranla Azərbaycan münasibətlərində ötən illərdə çoxsaylı hakimiyyətin ucbatından yanlış addımlar atılıb və bu addımların yenidən atılmayacağını ümid etmək olar. İranda qurulacaq yeni hökumət qonşu ölkələrlə, o cümlədən Azərbaycanla münasibətlərini əvvəlki buraxılmış səhvlərdən nəticə çıxararaq daha xoşməramlı davranacaq. Bununla yanaşı iqtisadi əlaqələrin güclənəcəyi də gözlənilir."

S. Soltanın sözlərinə görə, bütün bunlara rəğmən İrana tam güvənmək olmaz.

"İranın xarici siyasətində dalğavari davranışlar həmişə olub. Odur ki, birmənalı şəkildə İran- Azərbaycan münasibətlərinin həmişə yaxşı olacağını və bundan sonra yeni pozuculuq addımların Tehran tərəfindən atılmayacağını ehtimal etmək olmur. Çünki tarixi təcrübə göstərir ki, ötən illərdə İranın yaxşı münasibətdə olduğu ölkələrlə əlaqələri sonradan pisləşib". 

Siyasi şərhçi Azərbaycan-İran münasibətlərinin yaxşılaşmasının ermənipərəst qruplaşmaların fəaliyyətinə də təsir göstərəcəyini vurğuladı.

Xatırladaq ki, 2023-cü il yanvarın 27-də İranda silahlı hücum nəticəsində Azərbaycan səfirliyinin mühafizə rəisi həlak olub, iki mühafizəçi yaralanıb.

Hücumdan sonra Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti dayandırılıb və bütün işçilər ailələri ilə birlikdə paytaxt Bakıya qayıdıblar.

Sevinc İBRAHİMZADƏ