"Ermənistanın hərbiləşməsi istər-istəməz şübhə yaradır" - Ekspert AÇIQLADI
ABŞ Ermənistanda birgə təlimlərə başlayıb.
Bəs, Azərbaycanla sülh danışıqlarının getdiyi bir dövrdə Ermənistanın bu güc nümayişinin arxasında nə dayanır?
Mövzu ilə bağlı danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə Redaktor.az-a açıqlamasında bildirid ki, sülh müqaviləsi istiqamətində proseslərin getdiyi bir vaxtda Ermənistan nədənsə hərbi güc göstərən addımlara daha çox üstünlük verir:
"Bu gün Ermənistan Fransadan, Hindistandan silahlar alır, ABŞ ilə hərbi təlimlər keçirir, eyni zamanda digər güc mərkəzləri ilə əlaqələr qurmaq variantlarını daim nəzərdən keçirir. Ermənistanın müstəqilliyini, ərazi bütövlüyünü təhdid edən hər hansı bir ölkə yoxdur. Əksinə, onlar Azərbaycan torpaqlarını xeyli müddət işğal altında saxladılar. Ermənistanın konstitusiyası Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları ilə doludur. Belə olan halda, ölkənin hərbiləşməsi istər-istəməz şübhə yaradır. Onun sülh çağırışları ilə hərbi qüdrətini artırmaq fəaliyyəti ziddiyyət təşkil edir və qonşu dövlətlərdə ciddi narahatlıq doğurur. Hesab edirəm ki, Ermənistan bu cür siyasətlə ilk növbədə özü, daha sonra region üçün sülh əldə edə bilməz".
Sevinc İBRAHİMZADƏ