Ərdoğan və Əsəd 3 ay ərzində görüşəcəklər

 16:40 16.07.2024     338

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya prezidenti Bəşər Əsəd iki dövlət arasında münasibətlərin normallaşdırılmasını müzakirə etmək üçün 2-3 ay ərzində üçüncü ölkədə görüşə bilərlər.

Redaktor.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti mənbəyə istinadən yazır.

Xatırladaq ki, Rusiya Federasiyası, İran, Türkiyə və Suriya kəşfiyyat orqanlarının iştirak etdiyi toplantı 2023-cü ilin sentyabrında keçirilməli idi, lakin Dəməşqin irəli sürdüyü şərtlərə görə təxirə salınmışdı. Bir müddət sonra danışıqlar prosesinin tərəfləri müsbət siqnallar verməyə başladı və Rusiya 2024-cü ilin iyul ayının sonunda görüş keçirmək təklifi ilə Suriyaya yaxınlaşdı. Bundan sonra ölkələrin xarici işlər nazirləri arasında danışıqlar aparıla bilər.

Hər iki görüş uğurlu olarsa, Ərdoğan və Əsəd qarşıdakı aylarda daha əvvəl tərəflərin müəyyən etdiyi üçüncü ölkədə görüşəcəklər.

Qeyd edək ki, Ərdoğan iyulun 12-də deyib ki, Türkiyə 2012-ci ildə əlaqələrini kəsdiyi Suriya ilə münasibətləri normallaşdırmaq üçün yaxın günlərdə konkret addımlar ata bilər. O qeyd edib ki, Suriyanın ərazi bütövlüyü Türkiyənin maraqlarına zidd deyil. Onun sözlərinə görə, İran və ABŞ da Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşması prosesindən razı qalmalı və təşəbbüsü dəstəkləməlidir.

Sevinc İBRAHİMZADƏ