"AXCP məğlub olacağını bildiyi üçün seçkiləri boykot edir" - AÇIQLAMA
Xəbər verildiyi kimi, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərini boykot etmək qərarına gəlib. Bu da o deməkdir ki, partiya seçkilərdə iştirak etməyəcək.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə bildirdi ki, hansısa siyasi təşkilat seçkidə iştirak etmək istəmirsə, deməli onun gücü yoxdur.
"Seçki mübarizədir, rəqabətdir cəmiyyətdə dəstəyinin nə dərəcədə olduğunu bir daha yoxlamaq imkanıdır. Hansısa bir siyasi təşkilat seçkidə iştirak etmək istəmirsə, deməli onun gücü yoxdur, məğlub olacağını əvvəldən bilir. Prinsip etibarilə AXCP-nin bu gün cəmiyyətdə bir sosial bazası olduğunu deməyə dəyməz".
YAP-çı deputat AXCP-nin iş fəaliyyətinin zəif olduğunu, cəmiyyətin bu partiyanı dəstəkləmədiyini bu səbəbdən seçkiləri baykot etməyə çalışdıqlarını vurğuladı.
"Partiyanın rayon təşkilatları demək olar yoxdur. Bir qrup insan ancaq sosial şəbəkədə bloggerlik edir və irəli sürdüyü fikirlər radikaldır, milli maraqlarımıza ziddir. Azərbaycanın qarşısında duran məsələlərin həlli ilə bağlı hər hansı bir konstruktiv təklifi yoxdur və ona görə də onlar seçkiyə gedib ağır məğlubiyyətə uğrayacağını özləri yaxşı bilirlər. Bu baxımdan seçkiləri boykot etməyə çalışırlar. Elə cəmiyyət də siyahıda AXCP-ni yox, tanıdığı, fikirləri, fəaliyyəti ilə nüfuz qazanmış insanları axtarır və onların da adları vaxtaşırı çəkilir".
Qeyd edək ki, AXCP indiyə qədər seçkiləri boykot etmək qərarı alan yeganə siyasi partiyadır.
Türkan İSGƏNDƏRLİ