"Onların parlamentə düşmək şansları kifayət qədər çoxdur" - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclasında növbədənkənar parlament seçkilərinə namizədlərin siyahısı təsdiqlənib. Sentyabrın 1-də keçiriləcək seçkilərdə deputatlığa 125 namizəd irəli sürülüb.
Mövzu ilə bağlı Redaktor.az-a YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə bildirdi ki, təmsil etdiyi partiyanın namizədlərinin seçilmə şansları çoxdur.
"Bu gün Yeni Azərbaycan Partiyası öz namizədlərini müəyyənləşdirdi. 125 dairənin hər birində YAP-ın namizədi olacaq. Adıçəkilən şəxslər cəmiyyətdə tanınırlar. Onların səs yığaraq parlamentə düşmək şansları kifayət qədər çoxdur. Cəmiyyətimiz siyasi palitrada geniş olduğuna görə parlamentə təkcə YAP-dan deyil, digər partiyalardan da seçilən olacaq. Bu, normal bir haldır. Tərkibin necə olacağını seçici, seçki müəyyənləşdirir".
A.Mirzəzadə qeyd etdi ki, seçkilərdə Azərbaycan xalqının demokratiyada yeni imtahanı necə uğurla verdiyinin şahidi olacağıq.
Türkan İSGƏNDƏRLİ