"Türkiyənin etirazı yerinə düşməyə bilər" - AÇIQLAMA

 13:55 18.07.2024     935

NATO-İsrail münasibətlərinin gücləndirilməsi Türkiyə tərəfindən xoş qarşılanmayıb. Bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müraciət edib. Prezident bildirib ki, Türkiyə Qəzza zolağında nizamlanmaya qədər NATO-nun İsraillə əməkdaşlıq təşəbbüslərini dəstəkləməyəcək.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan NATO bloku ilə İsrail arasında anlaşmaların imzalanmasının mümkün olduğunu dedi. Onun fikrincə, əgər yəhudi dövləti Hizbullah, HƏMAS kimi silahlı qruplaşmaların genişmiqyaslı təhdidi ilə üzləşərsə, o halda NATO və İsrail arasında da müəyyən yardımlaşma baş verə bilər:

"Bu vaxt Türkiyənin etirazı yerinə düşməyə bilər. Çünki belə bir qarşıdurma, yəni NATO, İsrail və HƏMAS, Hizbullah qruplaşmasının qarşıdurması dünyada qütbləşmə müharibəsinin göstəricisidir".

S.Soltan bildirdi ki, belə bir anlaşma baş tutarsa, Türkiyə öz şərtlərini irəli sürəcək.

"NATO-ya üzvü olan ölkələrin bir çoxu İsraili regiondakı HƏMAS-la olan müharibədə, terrora qarşı mübarizədə dəstəkləyir. Anlaşma imzalandığı təqdirdə Türkiyə öz şərtini irəli sürəcək. Bu, Türkiyənin də ərazi bütövlüyünü təhdid edən terrora qarşı NATO ilə əməkdaşlığın genişləndirilməsi və ya uzlaşdırılması ola bilər", - deyə o qeyd etdi.

Xatırladaq ki, R.T.Ərdoğan hökumətin iclasından sonrakı xalqa müraciətində Türkiyənin terrorla mübarizədə NATO ilə arzuolunan əməkdaşlıqdan uzaq olduğunu deyib.

Türkan İSGƏNDƏRLİ