"Ermənistanı Rusiyanın işğalından heç nə xilas edə bilməz" - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ABŞ ordusunun nümayəndəsi Ermənistan Müdafiə Nazirliyində (MN) fəaliyyət göstərəcək. Bunun hansı sensassiyalar yaradacağı maraq doğurur. Məlum olduğu kimi, Ermənistan Rusiyanın sərhədlərini qoruyur, digər tərəfdən Amerika-Rusiya əlaqələri heç də ürəkaçan deyil.
Mövzu ilə bağlı Redaktor.az-a danışan siyasi şərhçi Əziz Əlibəyli Rusiyanın bu məsələyə çox ciddi etiraz etdiyini dedi:
"Rusiya bunun sonunun Ermənistan üçün böhranla başa çatacağını bildirib. Hətta bəzi ekspertlərə görə Ermənistan müstəqilliyini itirə də bilər. Təbii ki, Ermənistanın bu qədər rahat davranmağına səbəb var. Bu, Rusiya-Ukrayna müharibəsinə görədir. Ancaq yaxın vaxtlarda müharibə bitərsə, sözün bütün mənalarında Ermənistanı Rusiyanın işğalından heç nə xilas edə bilməz".
Ə.Əlibəyli bildirdi ki, belə olduğu halda Ermənistan ABŞ tərəfindən qoruna bilər.
"Ermənistana ikitərəfli dəstəklənmə var. Bir tərəfdən Ermənistan Amerika ilə hərbi baxımdan münasibətləri gücləndirir. İkinci tərəfdən isə Avropa İttifaqına Ermənistan vətəndaşlarının sərbəst gediş-gəlişi ilə bağlı viza məsələləri müzakirə olunur. Bunlardan başqa Ermənistan Silahlı Qüvvələrinin Rusiya modelindən çıxarılaraq, Amerika standartlarına uyğunlaşdırılması gözlənilir", - deyə ekspert əlavə etdi.
Qeyd edək ki, ABŞ dövlət katibinin müavini Uzra Zeya bu addımı ABŞ-Ermənistan münasibətlərində strateji mərhələ adlandırıb.
Türkan İSGƏNDƏRLİ