"YAP-a sədaqətlə xidmətimi davam etdirəcəyəm" - Cavid Osmanov
Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar parlament seçkilərində namizədlər siyahısında tanınmış simalarından hesab edilən bəzi şəxslərin adı yoxdur. Onlardan biri də deputat Cavid Osmanovdur.
Bu barədə Redaktor.az-a açıqlama verən Cavid Osmanov YAP-ın bütün namizədlərinə seçkilərdə uğurlar arzu etdi:
"YAP-ın İdarə Heyətinin iclası keçirildi və 1 sentyabr 2024-cü il tarixində keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədlər təsdiqləndi. Mən ilk növbədə YAP-ın bütün namizədlərinə seçkilərdə uğurlar arzu edirəm və əminəm ki, YAP bu seçkilərdə də möhtəşəm qələbə qazanacaq, partiyamızın üzvləri Milli Məclisdə daha çox təmsil olunacaqlar. Eyni zamanda partiyamızın sədri, möhtərəm prezidentimiz, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə öz dərin minnətdarlığımı bildirmək istəyirəm ki, iki çağırış - V və VI çağırış Milli Məclisdə mənə partiya tərəfindən böyük etimad göstərilib. İki çağırış boyunca partiyanın millət vəkili kimi fəaliyyət göstərmişəm".
Cavid Osmanov bildirdi ki, bundan sonra da dövlət başçısının yürütdüyü siyasətə və YAP-a sədaqətlə xidmətini davam etdirəcək:
"Hələ ki, VII çağırış Milli Məclis formalaşanadək VI çağırışın deputatları fəaliyyətlərini davam etdirirlər və bu bitəndən sonra - təxminən sentyabr ayının sonlarına təsadüf edəcək, artıq gələcək fəaliyyətim barədə düşünəcəyik".
Sevinc İBRAHİMZADƏ