"Ermənistanın İlham Əliyevin mərhəmətinə sığınmasına çox ehtiyacı var" - Fazil Mustafa

 22:02 18.07.2024     513

Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan Londonda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən imtina edib

Bəs sülh danışıqları ərəfəsində qarşı tərəfin bu addımı necə qiymətləndirilir?

Millət vəkili Fazil Mustafa Redaktor.az-a açıqlamasında bildirdi ki, bu addım, əslində, yanlış bir addım sayılmalıdır.

"Çünki Ermənistanın daha çox ehtiyacı var ki, İlham Əliyevin mərhəmətinə sığınsın və müəyyən addımların atmasında onun müəyyən dərəcədə yanaşmasını məqbul hesab etsin. Çünki əslində, güzəşt edən İlham Əliyevdir. Özü bilərəkdən Ermənistanı müəyyən dərəcədə sülhə gətirmək üçün müəyyən işlər görür ki, Ermənistan bu məsələdə hansısa bir şəkildə daxili çətinliklərdən qurtulub real addım ata bilsin. O baxımdan da, məncə, burada təəccüblü heç nə yoxdur. Hər halda biz çalışmalıyıq ki, Ermənistan bu sülh prosesinə daha ciddi yanaşsın. Paşinyanın bu hərəkəti isə həmin ciddiyyəti sual altına qoyur", - deyə deputat vurğuladı.

Sevinc İBRAHİMZADƏ