Ermənistan riskli ölkəyə çevrilir: İrəvan regional təhlükəsizliyi təhdid edir

 15:25 19.07.2024     3208

Ermənistan hələ də dövlət ola bilmir. Etnos və bir ölkə kimi daim hansısa dövlətin himayəsi altında yaşamaq onların mövcudluğunun başlıca prinsipidir. Son 6 ildə hakimiyyətə gələn yeni qüvvələr istiqamət olaraq Qərbi seçsə də bu, ölkənin gələcəyi ilə bağlı ziddiyyətli vəziyyət yaradıb. Rəsmi İrəvan şimal və qərbə baxmaqla qeyri-müəyyən vəziyyətini davam etdirir.

Bu, özünü bütün istiqamətlərdə göstərir. Ermənistanın iqtisadiyyatı, enerji təchizatı, pul transferləri Rusiyadan asılı vəziyyətdədir. Federasiyanın ölkə ərazisində hərbi hissələri dislokasiya olunub. Sərhədləri Rusiya tərəfindən mühafizə olunur. Ölkə əhalisi sosial-iqtisadi vəziyyətin ağırlığı səbəbindən Rusiyaya və Avropa ölkələrinə üz tuturlar.

Ölkə iqtisadiyyatının inkişafına dair hakimiyyətyönümlü mənbələr müxtəlif məlumatlar yayır. Ancaq reallıq odur ki, bu ölkəyə sərmayə qoymaq, onunla münasibətlər qurub əməkdaşlıq etmək risklidir. Ölkənin əsas hasilat sahələrindən biri sayılan Zəngəzur mis-molibden yatağında işlər çoxsaylı problemlər səbəbindən fəaliyyətini azaldıb.

Rusiyadakı erməni milyonçu iş adamları ölkə iqtisadiyyatına sərmayə qoymurlar. Keçmişdən qalma Qagik Tsaurkyan kimi iş adamlarının obyektləri ya bağlanır, ya da cəzalandırılır. Yeni biznesmen təbəqəsinin yaranması üçün şərait və dəstək yox dərəcəsindədir.

ABŞ Dövlət Departamenti də Ermənistanda investisiya mühitində problemlərin olduğunu bəyan edib.

Bildirilib ki, ölkədə investisiya mühiti ilə bağlı problemlər arasında qanunun aliliyinin və məhkəmə sisteminin zəifliyi, eləcə də korrupsiyanın olduğu vurğulanır. Sənəddə bildirilib ki, qanunlar xüsusən əsas institutlarda, ən çox da məhkəmə sistemində müstəqillik, bacarıq və ya peşəkarlığın olmaması nəticəsində pozulur.

Departamentin hesabatında bildirilib: “Müəssisə rəhbərləri Ermənistanın bir çox məhkəmə orqanlarının səmərəlilik, müstəqillik və peşəkarlıq səviyyəsinin aşağı olmasından əziyyət çəkdiklərini, ona görə də bu sistemin sistemin gücləndirilməsini zəruri olduğunu vurğulayıblar”.

Sənədə əsasən, biznes assosiasiyaları vergi, gömrük, tibb, təhsil, hüquq-mühafizə orqanlarında geniş islahatlara ehtiyac var.

Ermənistanda şəffaf, ədalətli və proqnozlaşdırıla bilən biznes mühitini təmin etmək üçün həllini gözləyən çoxsaylı problemlər qalmaqdadır.

Hökumətin özəl sektorla dialoqlu qaneedici sayılmır. Hesabatda həmçinin dövlət məmurlarının investorların üzləşdiyi problemləri tez bir zamanda həll etmək imkanları ilə bağlı problemlərin olduğu müəyyən edilib. Dövlət Departamenti digər məsələlərlə yanaşı, Ermənistanda istehlakçıların məhdud alıcılıq qabiliyyəti ilə bağlı problemlərə də işarə edib. Bundan başqa ölkədə məmurlar qanunun aliliyini qorumur, vətəndaşlar arasında ayrı-seçkilik edir, etik davranışı problemi mövcuddur.

Hökumətin fəaliyyəti nəticəsində yaranana belə bir şərait isə əlverişli biznes mühiti üçün təhlükəli sayılır.

Ermənistan hökuməti bu kimi problemlərin, o cümlədən korrupsiya hallarının aradan qaldırılacağına söz versə də, bu sahədə cinayət törədilməkdədir.

İqtisadiyyat Nazirliyində baş verən korrupsiya qalmaqalının xatırlamaq kifayətdir.

Ermənistan hərbi sahədə də riskli addımlar atır. Bu yaxınlarda Vaşinqton və İrəvan arasında keçirilən “Eagle Partners” hərbi təlimləri keçirilib. Belə bir tədbirin keçirilməsindən ilk növbədə Rusiya narahatlığını və narazılığını gizlətmir. RF-nin Xarici İşlər Nazirliyindən məsələ ilə bağlı bildirilib ki, bu təlim nəinki təəssüf, həm də Ermənistanın gələcəyi üçün narahatlıq doğurur.

ABŞ dövlət katibinin müavini İzra Zeya ötən gün İrəvanda səfərdə olub. O bildirib ki, Ermənistanın Müdafiə Nazirliyində ABŞ ordusunun nümayəndəsi işləyəcək: “Biz mülki-müdafiə və təhlükəsizlik sahəsində ABŞ ilə Ermənistan arasında əməkdaşlığın dərinləşməsini alqışlayırıq”. Müavin onu da vurğulayıb ki, bu, strateji tərəfdaşlığın yeni mərhələsidir.

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə (KTMT) münasibətlərini, Rusiyanın hərbi bazalarının gələcəyini həll etmədən Müdafiə Nazirliyində amerikalının işləməsinə şəraitin yaradılması ölkə üçün daha bir riskli vəziyyəti yaradır.

Ermənistanın riskli ölkə olduğunu belə sıralamaq olar:

- Qərblə Rusiyanın ziddiyyətlərinin toqquşması;

- korrupsiyanın bütün sahələri əhatə etməsi;

- iş adamları arasında ayrı-seçkiliyin (adamlı, adamsız kateqoriyalara bölünmə) hökm sürməsi;

- hərbi sahədə ziddiyyətli əməkdaşlığın edilməsi;

- cəmiyyətdə ümidsizliyin artması;

- NATO ilə əməkdaşlığın ABŞ ilə pərdələnməsi;

- siyasi müxalifətin formalaşmaması;

- Ermənistan hakimiyyət nümayəndələrinə qarşı terror aktların törədilməsi ehtimalı;

- Rusiyanın rəsmi İrəvana xəbərdarlıqları və s.

Riskli Ermənistan regiona üçün də təhlükə mənbəyidir. Bu ölkənin ən düzgün çıxış yolu region ölkələri, xüsusi ilə Azərbaycan və Türkiyə ilə münasibətləri notmallaşdırmasından keçir. Ermənistanda risklilik dərəcəsi artdıqca onun dövlət kimi daha da zəifləməsi, mahiyyətinin itirməsi ilə nəticələnə bilər...

Sədrəddin SOLTAN