Azərbaycan enerji strategiyasını uğurla davam etdirir - Afət Həsənova
Azərbaycan Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaşa çevrilməklə beynəlxalq aləmdə öz nüfuzunu daha da möhkəmləndirmiş olur.
Redaktor.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
O bildirib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyev tərəfindən müstəqilliyimizin ilk illərindən möhkəm təməllər üzərində qoyulmuş enerji siyasətini uğurla davam etdirir və yeni uğurlara imza atır.
“Azərbaycan Avropaya enerji təchizatının coğrafiyasını genişləndirməklə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində vacib aktora və etibarlı tərəfdaşa çevrilib. Bu gün Azərbaycanın ixracın yarıdan çoxu Avropaya gedir. Bu il bu Azərbaycan Avropaya 25 milyard kubmetr qaz ixrac edib. 2021-ci ildə isə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdi. Azərbaycan bununla kifayətlənmir və qaz təchizatının artırılması istiqamətində mühüm addımlar atır.
Azərbaycan qazının Avropaya ixrac coğrafiyası genişlənməkdədir və Avropa ölkələri Azərbaycan qazını almağa böyük maraq göstərir.
Digər bir vacib məqam ondan ibarətdir ki, Azərbaycanın öz qazını Avropaya ixrac etmək üçün lazımi infrastruktur da qurub. Hazırda Azərbaycanın müxtəlif istiqamətlərdə şaxələnmiş enerji marşurutları var və müxtəlif istiqamətə uzanan 4 qaz boru kəməri mövcuddur”, - deyə deputat bildirib.
O qeyd edib ki, Azərbaycan nadir ölkələrdəndir ki, həm xam neft, həm təbii qaz, neft-kimya məhsulları və elektrik enerjisi ixrac edir.
“Müstəqilliyimizin ilk illərində Azərbaycanın enerji resursları ilə bağlı çətinlikləri var idi. Hətta həmin illər ölkəmiz elektrik enerjisini Rusiyadan idxal etməklə təbii qazla bağlı qıtlıq vardı, neft hasilatı da kəskin şəkildə aşağı düşmüşdü. Ulu Öndər Heydər Əliyevin enerji siyasəti sayəsində Azərbaycan bu problemləri qısa müddət ərzində həll etməyi bacardı. Bu gün isə Azərbaycan dünya miqyasında enerji resurslarının inkişafına görə qabaqcıl ölkədir”, - deyə deputat əlavə edib.