"Mənim adımdan bəlkə də müharibə elan edərlər" - İlham Əliyev

 16:57 21.07.2024     251

Xəbər versiyimiz kimi, Prezident İlham Əliyev iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində iştirak edib.

Redaktor.az xəbər verir ki, dövlətimizin başçısı Özbəkistanın Milli İnformasiya Agentliyinin (UZA) baş redaktoru Durdona Salixovanın "Siz media sənayesinin gələcəyini və süni intellektin bu prosesdə rolunu necə görürsünüz?" sualını da cavablandırıb. 

"Burada mənə məşhur media sənayesinin nümayəndələri ilə rəqabətə girmək çətin olacaq. Onların bilmədiklərini deyə bilmərəm. O ki qaldı, süni intellektə, doğrudan da bu mövzu hazırda tamamilə yeni müstəviyə çıxmaqdadır. Vaxtaşırı rəsmi məlumatlar, Azərbaycanın səlahiyyətli qurumlarının rəsmi məlumatları onu göstərir ki, mənim adımdan fərqli biznes layihələrinin elan olunması haqqında məlumatlar daxil olur və bunların heç birinin nə mənə, nə də Azərbaycana aidiyyəti yoxdur. Təəssüf ki, bəzi insanlar, böyük sayda insanlar buna inanır. Sən bunun öhdəsindən necə gəlməlisən? Cavab çox çətindir. Çünki kimsə etirazı, təkzibi oxuyacaq, ya oxumayacaq, yaxud da çox gec olacaq. Bu feyki dərhal tapmaq çox çətin olur. Sən bir müddət sonra onu aşkarlayırsan. Həmin müddət ərzində insanlar artıq buna inanır. Bu, müəyyən mənada çox kəskin mahiyyət daşımır. Kimsə bunun üzərindən pul qazanmaq istəyir və mənim adımdan süni intellektdən istifadə edərək elanlar dərc olunur ki, məsələn, buraya pul yatırın, oraya pul yatırın. Lakin bu yolla getsələr fərqli elanlar olacaq: mənim adımdan bəlkə də müharibə elan edərlər və kimsə buna inana bilər və hansısa digər müəyyən tədbirlər həyata keçirə bilər.

Məsələ yalnız Azərbaycandan getmir. Nüvə silahına malik ölkələr var. Bu ölkələr, eyni zamanda, süni intellekt tərəfindən manipulyasiyaya məruz qala bilər. Hətta məişət səviyyəsində bir çox hadisələr var ki, bir çoxlarına - insanların münasibətlərinə, ləyaqətinə, nüfuzuna bərpa olunmayan xələl yetirilə bilər. İctimai şəxslərin fərqli feyk video, vizual və audioməlumatlarla tamamilə yamsılanması gedir. Düşünürəm ki, siz də, ümumiyyətlə media ictimaiyyəti siyasətçilərə yol göstərməlidir. Siyasətçilər çox ciddi qərarlar qəbul etməlidirlər ki, müəyyən mənada bunu məhdudlaşdırsınlar. Çünki bu, yalnız feyk xəbər deyil. Bu, insanların təhlükəsizliyinə, həyatına, cəmiyyətə, ölkələrə, fərdlərə kifayət qədər ciddi təhlükədir, təhdiddir, onların şəxsi həyatına, fəaliyyətinə ciddi təhdiddir. Düşünürəm ki, bu mövzu bu gün, sabah və birisi gün sizin tərəfinizdən müzakirə olunacaq mövzulardan biridir.

Zənnimcə, beynəlxalq səviyyədə belə bir mexanizm işlənib hazırlana bilər. Bu, heç bir halda söz azadlığının məhdudlaşdırılması kimi qəbul olunmayacaq. Beynəlxalq səviyyədə, BMT səviyyəsində, yaxud da “Böyük 20”lik tərəfindən təşəbbüslər irəli sürülə bilər ki, buna son qoyulsun. Bu, çox ciddi bir təhdiddir və təşəkkür edirəm ki, siz bu mövzuya toxunursunuz", - deyə İlham Əliyev bildirib.