"Türk dövlətlərinin birliyi daha səmimi və daha güclüdür" - Fazil Mustafa

 18:01 22.07.2024     557

"Əminəm ki, Türk Dövlətləri Təşkilatının çox böyük gələcəyi var. Təşkilatı daha yüksək pilləyə qaldırmaq üçün ortaq səylər lazımdır. Biz birliyi daha da gücləndirməklə Türk Dövlətləri Təşkilatını dünya miqyasında güc mərkəzinə çevirməliyik. Qarabağ Zəfəri bir çox ünvanlara gözəl mesaj oldu. Gücümüz bir olanda dəmir yumruğumuz da ağır olur".

Bu sözləri Prezident İlham Əliyev II Şuşa Qlobal Media Forumunda çıxışı zamanı deyib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan deputat Fazil Mustafa Türk Dövlətləri Təşkilatı əməkdaşlığının böyük qüvvəyə çevriləcəyini dedi.

"Bu, bütün dövrlərdə türk inteqrasiyasının əsas nailiyyətidir. Eləcə də bütün türk dövlətləri əksər sahələrdə olduğu kimi, bu sahədə də bir-biri ilə çox ciddi əməkdaşlığa malikdir. Əminəm ki, bu əməkdaşlığın yaxın perspektivləri də özünü göstərəcək və bu qısa bir zaman ərzində bu qədər birliyə nail olmuş türk dövlətləri bundan sonrakı dövrdə də bir-biri ilə əməkdaşlığı daha da gücləndirəcək".

Millət vəkili bildirdi ki, bu birlik strateji cəhətdən vacib addımların atılmasında böyük rol oynayacaq.

"Türk Dövlətləri Təşkilatı bir-biri ilə əlaqəni zəiflətməməlidir. Artıq qlobal inteqrasiya yerinə regional inteqrasiya əhəmiyyət kəsb etməyə başlayır və bizim də avantajımız odur ki, eyni kökdən, eyni dildən irəli gələn çoxsaylı dövlətlərin birliyindən söhbət gedir. Bu birlik daha səmimi və daha güclüdür".

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatı 3 oktyabr 2009-cu ildə qurulub. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan dövlətləri Təşkilatın üzvü, Macarıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası isə müşahidəçi üzvləridir.

Türkan İSGƏNDƏRLİ