Ermənistan COP29-da iştirak edəcək? - AÇIQLAMA

 14:53 23.07.2024     509

Azərbaycan Ermənistanı COP29 iqlim sammitinə dəvət edib. Belə ki, Muxtar Babayev (COP29-un prezidenti) Ermənistanın xarici işlər nazirinə dəvət məktubu göndərib.

Bəs görəsən Ermənistan bu dəvəti necə dəyərləndirəcək?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, bu addım Azərbaycanın nə qədər sülhpərvər olduğunu göstərir:

"Azərbaycanın Ermənistanı COP29-a dəvət etməsi əslində ölkəmizin bir daha sülhpərvər mövqeyi və regionda sülh istəməsi ilə əlaqədardır. Heç bir ölkə onun ərazisinin 20 faizini işğal edərək, 30 il işğal altında saxlayan və bu gün də öz konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası olan ölkənin, yəni Ermənistanı paytaxt şəhərində keçirilən beynəlxalq tədbirə dəvət etməz. Ona görə də məncə Azərbaycanın bu dəvəti qiymətləndirilməlidir. Eyni zamanda, dünyanın ən qlobal problemi olan iqlim dəyişikliyi problemi kontekstində də qonşu ölkələrdən, o cümlədən də Ermənistanla əməkdaşlıq etməyə hazırıq".

Deputat Ermənistanın bu dəvəti layiqincə dəyərləndirməyəcəyini vurğuladı:

"Ermənistanın bu konfransda hansısa səviyyədə iştirak etməsini mümkünsüz edən əsas faktorlardan biri Ermənistan cəmiyyətində azərbaycanlılara qarşı olan etnik nifrətdir ki, bu da Ermənistanın siyasi dairələrinin həm də mövqeyini təyin edir. Ona görə belə bir qərar qəbul etmək Paşinyanın komandası üçün çox çətin olacaqdır. İkincisi, Avropa Birliyi və Fransa başda olmaqla, Amerika Birləşmiş Ştatlarındakı bəzi dairələr sülhün əldə olunmasına maneçilik törədirlər. Ermənistanı silahlandırmaqla yeni müharibəyə hazırlayırlar. Yəni bu səbəbə görə, Ermənistanın Azərbaycana gəlməsi və hansısa bir təmsilçisi ilə COP29-a qatılması o qədər mümkün görünmür".

Hikmət Babaoğlu həmçinin qeyd etdi ki, Paşinyan bunun Ermənistana xeyri olacağını anlasa, müsbət bir qərar qəbul edə bilər.

Xatırladaq ki, COP29 11–24 noyabr tarixlərində Bakıda keçiriləcək. 190-dan çox ölkəni təmsil edən 80–100 min nəfərə qədər nümayəndə heyətinin qəbul edilməsi gözlənilir. COP29 ölkə tarixində keçiriləcək olan ən böyük tədbir hesab olunur.

Türkan İSGƏNDƏRLİ