"İmzatoplama mərhələsini uğurla başa vurduq" - Əziz Əlibəyli
Sosial Tədqiqatlar Mərkəzinin (STM) mətbuat xidmətinin rəhbəri Əziz Əliyev (Əlibəyli) 2024-cü il sentyabrın 1-nə təyin edilən növbədənkənar parlament seçkilərilə əlaqədar deputatlığa namizədliyini irəli sürüb.
Redaktor.az-a danışan Əziz Əlibəyli məqsədlərinin regional inkişafa töhfə vermək, eləcə də Prezident İlham Əliyevin siyasi baxışlarının istiqamətlərini dəstəkləmək olduğunu dedi:
"Biz yeni çağırışlara qoşularaq namizədliyimizi irəli sürmüşük. Bu yeni çağırışları formalaşdıran ölkənin Prezidentidir. Bu proqram zəfər əsaslı güclü Azərbaycanın qurulmasına xidmət edir. Biz həmin xətti yeni siyasi vizyon olaraq açıqladıq və namizədliyimizi də həmin yeni siyasi vizyon başlığı altında elan etdik. Onun tərkib hissəsində Azərbaycanın regional və qlobal aləmdə güclü dövlətə çevirən cənab Prezidentin siyasi baxışlarının istiqamətlərini dəstəkləmək dayanır".
O, seçki kampaniyasının gedişi barədə də məlumat verdi:
"Hazırda imzatoplama mərhələsini uğurla başa vurmuşuq. Sabah yəqin ki, imzalarımızı təhvil verməklə bağlı informasiyalarımızı da təqdim edəcəyik. Ən önəmlisi biz imzatoplama prosesini seçicilərimizlə əlaqə qurmaq, münasibət yaratmaq prosesinin tərkib hissəsinə çevirdik".
Xatırladaq ki, sentyabrın 1-i keçiriləcək növbədənkənar parlament seçkilərində 104 saylı Gədəbəy seçki dairəsindən namizədliyini irəli sürən Əziz Əlibəylinin əsas rəqibi YAP-çı deputat Sevinc Hüseynova olacaq.
Türkan İSGƏNDƏRLİ