İranın Ermənistana PUA satması ilə bağlı cavab addımlar atılacaq - Deputat

 14:13 27.07.2024     495

Neçə gündür ki, bizim və əcnəbi ekspertlərin Tehranla İrəvan arasında gizli hərbi sövdələşmə haqda şərhlərinə baxıram.  Söhbət redaksiyası Londonda yerləşən “Iran International”dəki məqalədə yazılan hərbi sövdələşmədən gedir. Ekspertlərin az bir qismi, məqalədəki faktların, yəni İranın Ermənistana 500 milyon dollar dəyərində pilotsuz uçuş aparatları və  zenit-raket sistemi satmağı planlaşdırmasının saxta olduğunu, çox hissəsi isə əksinə həqiqəti əks etdirdiyini bildirirlər.  

Mən də bu fikirdəyəm ki,  İranla Ermənistan arasında yeni gizli hərbi anlaşma mümkündür.  Hətta o da mümkündür ki, onun həcmi 500 milyon dəyərindədir. Ancaq bunun qısa bir zaman kəsiyində, yəni uzağı bir ilə reallşdırılacağı da  ağılabatan deyil. Və açığı burada mənim diqqətimi daha çox çəkən və ekspertlərdən demək olar ki, heç birinin toxunmadığı bir məqam var. O, sözü gedən məqalənin Böyük Britaniya baş nazirinin Azərbaycan və Ermənistan liderlərinin ikitərəfli format çərçivəsində görüşlərinin təşkilinə Paşinyanın razılıq verməməsindən dərhal sonra meydana çıxmasıdır. Özü də Birləşmiş Ştatların həmən Ermənistanla “Eagle Partner 2024” proqramı çərçivəsində birgə hərbi təlimlərinin başa çatdığı gün.

Xatırladım ki,  “Iran International” davamlı şəkildə insayder informasiyasıyla təmin olunur  və əgər orada İranın Ermənistana 500 milyon dollar dəyərində “Şahed 136”, “Şahed 129”, “Şahed 197”, “Mohajer” pilotsuz uçuş aparatları, eləcə də “Xordad 3”, “Məcid”, “Xordad 15” və “Arman” zenit-raket sistemi satmağı planlaşdırdığı, bu halda sözü gedən ölkələr arasında gizli anlaşmanın olduğu bildirilirsə, əminəm ki, açıqlananlar sadəcə jurnalist araşdırmasına, yaxud da fantaziyasına dayanmır. O informasiyanı əldə edən və  yaylımasında maraqlı olan ciddi qurumlar var. Mən həmən qurumların məqsədinin İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin dediyi kimi “regionda dostluğa çan atan” ölkəsinin gözdən salınması olduğunu düşünmürəm. Söhbət əgər İranın gözdən salınmasından gedirsə, özünün nataraz açıqlamalarıyla burada Mehdi Sübhani hər kəsi kölgədə qoyur. Onun "Azadlıq" radiosunun hay redaksiyasına verdiyi intervüdən elə də çox vaxt keçməyib. Bu həmən Sübhanidir ki, sözü gedən intervüdə Qarabağdan gedən hayların oranı "öz xoşlarına tərk etmədiklərindən", o üzdən də "geri qaytarılmalı" olduqlarından dəm vurduğu halda, əsl etnik təmizləməyə uğrayan azərbaycanlılardan bir kəlmə də danışmır. Həm də nəinki danışmır, başqa bir açıqlamasında Ermənistanda demoqrafik mənzərənin dəyişməsinə yol verməyəcəklərini deməkdən, Qərbi Azərbaycan kökənlilərin  öz yurd yerlərinə dönmələrini istəmədiklərini sərgiləməkdən də çəkinmir. 

Buradan da görünür ki, Fransanın Ermənistandakı səfiri Olivye Dekotininin Güney Qafqazdakı proseslərə yanaşmada ölkəsinin İranla eyni mövqeni bölüşdükləri haqda sözləri heç də əsassız deyil. “Iran International”da gedən yazı göstərir və məncə, bu yazıyla həm də göstərilir  ki, təkcə Fransa yox, Birləşmiş Ştatlar da regionda İranla sinxron hərəkət edir. 

Heç inandırcı deyil ki, özünün yüksək rütbəli hərbçilərindən birinin maaşını artıq Pentaqona deyil də Dövlət Departamentinə verdirməklə “mülki şəxs” statusuyla uzun müddətə Ermənistanın Müdafiə Nazriliyinə yerləşdirən rəsmi Vaşinqton sevimli haylarıyla sözdə düşmən farslar arasındakı gizli hərbi sövdələşmədən xəbərsizdir.  Elə İranın Ermənistandakı səfirinin məhz Birləşmiş Ştatların  maliyyələşdirdiyi Azadlıq radiosunda Azərbaycan əleyhinə "Freedom House"casına danışmasının özü də molla rejimi ilə Bayden Administrasiyasının bizim regionda maraqlarının üst-üstə düşdüyünün bə ortaq hədəflərinin olduğunun təsdiqi deyilmi? 

Beləliklə, yenə qayıdıram “Iran International”da gedən yazının nədən Böyük Britaniya baş nazirinin Azərbaycan və Ermənistan liderlərinin ikitərəfli format çərçivəsində görüşlərinin təşkilinə Paşinyanın razılıq verməməsindən dərhal sonra meydana çıxmasının üzərinə. Mən öncə də bildirmişdim, indi də bu fikirdəyəm ki, həmən görüşün alınmamasında Blinkenin rolu Makronunkundan da, Lavrovunkundan da daha böyük olub. Londonda da bunu gözəl bilir və İranla Ermənistan arasındakı gizli hərbi sövdələşmənin detallarını sızdırmaqla son günlərini yaşayan Bayden Administrasiyasının mahiyyətini açıb göstərirlər.

Azərbaycana gəldikdə, mən fikirləşmirəm ki, rəsmi Bakı Ermənistan Müdafiə Nazirliyinin, yaxud da Sübhani kimi birisinin belə sövdələşmənin  olmadığı haqda dediklərinə inanaraq bu yöndə hər hansı araşdırma aparmır. Araşdırma da aparılır, hər şey tam dəqiqləşdirildikdən sonra cavab addımlar da atılacaq.

Sahib Alıyev

Milli Məclisin deputatı