Fransanın uğursuz olimpiya təşkilatçılığı - Azərbaycanlı jurnalist Parisdəki rəzillikdən DANIŞDI

 17:03 29.07.2024     445

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimindəki rəzillik dünya mediasının gündəmindən düşmür. Təşkilatçı ölkə həmçinin yarışların təşkili, idmançıların qidalanması, nəqliyyat kimi əsas mövzularda uğursuzluğu ilə də biabır oldu. 

Bəs yarışları yaxından müşahidə edən media nümayəndələrimiz Paris-2024-lə bağlı hansı fikirdədirlər?

Elə mövzu ilə bağlı Redaktor.az-a danışan Fransaya ezam olunan idman jurnalisti Gəray Qiyasov belə hərəkətlərin Fransaya ancaq mənfi gətirdiyini dedi:

"Fransanın əməli özünə qaldı. Necə ki, açılış mərasimin görüntüləri "YouTube" səhifəsindən silindi. Lakin sonradan videoya digər ölkələr üçün məhdudiyyət qoyulduğu açıqlandı. Təbii ki, bunlar Fransanın əleyhinə yazılır. Bundan başqa idmançıların qidalanmasına gəlsək, bəli idmançıların bu barədə şikayəti böyükdür. Bu, tək bizim idmançılar üçün deyil, digər ölkələrin nümayəndələri üçün də keçərlidir. Ancaq vəziyyət dəyişməzdir".

Gəray Qiyasov Fransanın oyunlar çərçivəsində zəifliyinin təkcə bununla kifayətlənmədiyini açıqladı. O, media nümayəndələrimizin bəzi məsələlərdə əziyyət çəkdiyini bildirdi:

"Ölkədə təşkilatçılıq məsələsi çox zəifdir. Könüllülər məlumatlandırılmayıb. Məsələn, biz media mərkəzinin yolunu könüllülərdən öyrənməyə çalışsaq da, onlar bizi səhv yönləndirdilər. Nəticədə biz 3 saata yaxın məkanı axtarmışıq. Bundan başqa, media nümayəndələrini yarışa aparmaq üçün avtobuslar ayrılıb. Təəssüflər olsun ki, ən sonuncu avtobus oteldən yarış başlamamışdan 3 saat əvvəl çıxır. Nəzərə alsaq ki, məsafə uzundur, bu də sərf etmir. Bu səbəbdən çoxumuz metro ilə gedirik".

Xatırladaq ki, iyulun 26-da Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimində Fransanın dövlətə məxsus milli televiziyası olan France2 telekanalının müxbiri Azərbaycan və Ermənistan idmançılarının paraddan keçidi zamanı ayrı-seçkilik nümayiş etdirərək Azərbaycanı Ermənistanla toqquşmalarda ittiham edib. Eyni zamanda Ermənistanı Fransanın dostu adlandırıb və qeyd edib ki, bu il erməni xalqı üçün “Dağlıq Qarabağ”ın Azərbaycan ordusu tərəfindən süqutu kimi yadda qalıb. 

Baş vermiş halla bağlı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi tərəfindən Beynəlxalq Olimpiya Komitəsinə rəsmi olaraq etiraz məktubu göndərilib.

Türkan İSGƏNDƏRLİ