Elxan Şahinoğlunun namizədliyi qeydə alınmadı

 22:24 29.07.2024     301

Sentyabrın 1-nə təyin olunmuş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün deputatlığa namizədliyini irəli sürən politoloq Elxan Şahinoğlunun topladığı imzalar etibarsız sayılıb. Bu səbəbdən 119 saylı Ağdam dairə seçki komissiyası (DSK) onun namizədliyini qeydə almaqdan imtina edib.

Redaktor.az xəbər verir ki, Elxan Şahinoğlu bununla bağlı özünün feysbuk hesabında post yazıb. 

O, qeyd edib ki, Seçki Məcəlləsinin tələbinə görə, imzalar 7 gün ərzində yoxlanıb cavab verilməli idi.

"Yeddinci gün, iş gününün bitməsinə 30 dəqiqə qalmış zəng edib qeydə alınmadığımı bildirdilər. 3 gün ərzində 500 imza toplamışdıq" -  deyən politoloq ona imza verən ağdamlılara təşəkkürünü də çatdırıb.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən deputatlığa namizədliyini irəli sürmüş şəxs DSK-nın qərarından Mərkəzi Seçki Komissiyasına (MSK) şikayət edə bilər. Lakin E.Şahinoğlu öz postunda MSK-ya müraciət edib-etməyəcəyi barədə məlumat verməyib.

Xatırladaq ki, 119 saylı Ağdam seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyasının namizədi Məmmədov İbrahim Raqif oğludur.

T.İSMAYIL