"Hidayətin qələbəsi təxribatçılara verilən ən yaxşı cavabdır"- AÇIQLAMA
Cüdoçumuz Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 73 kq çəki dərəcəsində fransalı Con Benjamin Qabanı üstələməklə olimpiadanın qızıl medalını qazanıb. Öz ölkəsində, öz idmançısının azərbaycanlıya məğlub olması, təxribatçı Fransaya yaxşı dərs oldu.
Mövzu ilə bağlı Redaktor.az-a danışan "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli bu qələbənin simvolik xarakter daşıdığını dedi.
"Azərbaycan cüdoçusu Hidayət Heydərovun Paris-2024 olimpiya oyunlarında uğurlu çıxışı bütün xalqımızı hədsiz sevincə qərq etdi. İdmançımızın finalda fransalı rəqibinə qalib gələrək olimpiya qızılını əldə etməsi simvolik xarakter daşıdı. Qələbədən sonra verdiyi açıqlamada Hidayət "biz qalib xalqın övladlarıyıq" dedi. Bu açıqlama onun təkcə peşəkar idmançı deyil, həm də məsuliyyətli vətəndaş, vətənpərvər insan olduğunu göstərdi".
Elman Cəfərli bildirdi ki, bizim bu qələbəmiz ermənipərəst Fransanın siyasətdəki məğlubiyyətidir.
"Bu qələbə təkcə idmanda uğurumuz deyil, 30 illik ədalətsizlik üzərində qələbəmizin təntənəsidir. Qonşu Ermənistan 30 il torpaqlarımızı işğalda saxladı. İşğalçıya ən çox dəstək verən Fransa idi. 44 günlük müharibədə Azərbaycan reallıqları dəyişdi. Torpaqlarımız işğaldan azad edildi, qanunsuz rejim tarixin zibilliyinə atıldı. Lakin bu gün də başda Fransa olmaqla bir sıra dövlətlər yeni reallıqları qəbul etmir, ölmüş separatizmi diriltməyə çalışır, işğalçıya dəstək verməkdə davam edir, daimi sülh sazişinin imzalanmasına mane olur. Hətta Olimpiya Oyunlarının ruhuna zidd olaraq təşkilatçı Fransa oyunların açılış mərasimində yanlış addımlar atdı. Qondarma Qarabağ rejimini xatırlatdılar, öz qanuni haqqlarını bərpa etmiş Azərbaycanı ittiham etməyə çalışdılar. Bu mənada Hidayətin qələbəsi təxribatçılara verilən ən yaxşı cavab oldu. İdmançımızın zəfəri göstərdi ki, heç kim bizi yolumuzdan döndərə bilməz. Döyüşdə qalib gəlmişik, öz haqqımızı almışıq, idmanda da rəqiblərmizə qalib gələcəyik. Zəfər timsallı üç rəngli bayrağımızın Fransanın paytaxtı Parisdə dalğalanması, əzəmətli himnimizin səslənməsi bizi yeni qələbələrə ruhlandırır".
Qeyd edək ki, mübarizəyə 1/8 finaldan başlayan Hidayət bu mərhələdə Tohar Butbula (İsrail) qalib gəlib. O, 1/4 finalda Artur Margelidondan (Kanada), yarımfinalda isə Akil Qyakovadan (Kosovo) güclü olub. Bu, Hidayət Heydərovun karyerasında ilk iştirak etdiyi olimpiada olub.
Türkan İSGƏNDƏRLİ