"Pezeşkianın ana dili ilə bağlı islahat aparması mümkünsüzdür" - ŞƏRH
İranın yeni prezidenti Məsud Pezeşkianın bu gün andiçmə mərasimi keçirildi. Bununla da o, dövlət başçısı səlahiyyətlərinin icrasına başlayır.
Bəs türk əsilli yeni prezident İranda yaşayan 40 milyonluq Azərbaycan türklərinə verdiyi ana dilində təhsil almaq vədini yerinə yetirəcəkmi?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirdi ki, bəyannamə əsasında Azərbaycan türkcəsinin tətbiqi və istifadəsinə dair heç bir müddəa yoxdur:
"İranda ana dili ilə bağlı iddialı çıxışların Pezeşkian prezident olduqdan sonra həyata keçəcəyi demək deyil. Son zamanlar bu məsələ üzərində çox spekulyasiyalar aparılır. Halbuki bəyannamədə Azərbaycan türkcəsinin tətbiqi və istifadəsinə dair heç bir müddəa yoxdur. 15-ci maddədə isə dövlət dilinin və əlifbasının fars dili olduğu, regional dillərin isə istifadəsi də sərbəstliyin olduğunu bildirir. Yəni hansısa dili mütləq şəkildə öyrənmək, tətbiq etmək və ondan istifadə ilə bağlı vətəndaşın üzərində hüquqi məsuliyyət yoxdur. Bir sözlə, İranda 15-ci maddə artıq köhnəlib və yarımçıq hüquqi sənəddir."
Sədrəddin Soltan vurğuladı ki, Pezeşkianın bu istiqamətdə islahat aparması mümkünsüzdür.
"Bu, İranın fundamental məsələlərindən sayılır. İran hakimiyyəti qeyri-farsların ana dilində təhsil alması kimi məsələləri özünə təhlükəsizliyi üçün təhdid hesab edir. İran hakimiyyəti hesab edir ki, fars olmayanlara ana dilində təhsil almaq imkanı vermək ölkədə separatizm meylliyini artıra bilər. Başqa sözlə, mərkəzdən qaçmaq halları yarada bilər. Ona görə də bacardıqca və imkan daxilində milli mədəniyyətlərin, milli dillərin sıxışdırılmasına çalışırdı. Məsud Pezeşkianın da bu məsələdə dəyişiklik etmək imkanı yoxdur. O, İran Konstitusiyasının verdiyi imkan, səlahiyyət daxilində fəaliyyət göstərə bilər. İran konstitusiyasının 19-cu maddəsi milli bərabərliyə dair maddədir. Milli bərabərliyin təmin edilməsi isə farslarla yanaşı, türklərin, ərəblərin, bəlucların da ana dilində təhsil alması milli mədəniyyətlərin genişləndirilməsinə imkan verir. İran hakimiyyəti 19-cu maddəni deyil, 15-ci yarımçıq maddəni təbliğ etməklə əsas hədəfdən, əsas mahiyyətdən yayınır", - deyə politoloq bildirdi.
Türkan İSGƏNDƏRLİ