İsmayıl Haniyənin qətli İran-İsrail müharibəsinə səbəb olacaq?

 17:32 31.07.2024     356

Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İranın paytaxtı Tehranda hücum zamanı öldürülməsi, yeni gərginliklərin qapısını aça bilər. Terror təşkilatları, eləcə də İsrail Haniyəni öldürdüklərini qəbul etməsələr də, oxlar HƏMAS-la düşmən olan İsrailə çevirilir. 

Bəs belə olduğu halda sui-qəsdin İranda baş tutması İran-İsrail münasibətlərinə necə təsir edəcək?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirdi ki, İsraillə İran arasında açıq müharibə baş tutmayacaq.

"Qəzza zolağındakı müharibədə HƏMAS-ı, yəni Fələstini dəstəkləyənlər İran, Suriyadakı Bəşər Əsəd hakimiyyəti, Şimali Koreya, Rusiya və Çin, İsraili dəstəkləyənlər isə ABŞ və onun müttəfiqləri durur. Əsas döyüşənlər isə İsrail və İrandır. Onlara əlavə dövlətlərin qoşulacağı ehtimalı isə indiki şəraitdə gözlənilmir. Çünki istənilən dövlətin, hətta İranın belə İsrailə qarşı açıq savaşa girişi ona qarşı müharibə sayılır". 

Politoloq hesab edir ki, bu hadisənin İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində baş tutması İran hakimiyyətinə və hökumətinə bir xəbərdarlıqdır.

"Pezeşkian Haniyə ilə görüşdə Qəzza zolağı və HƏMAS-a dəstəyi daha da artıracaqlarını bildirmişdi. Hadisədən sonra yaydığı başsağlığında İsmayıl Haniyəni “əl-Qüdsün azadlığı şəhidi” adlandırdı. Onun ali rəhbəri ayətullah Seyid Əli Xamenei də bu hadisənin cavabının daha sərt olacağını dedi. Yəni İran bu xəbərdarlığa cavab olaraq bildirdi ki, bundan sonra İran-Fələstin münasibətləri daha da güclənəcək", - deyə o qeyd etdi.

Türkan İSGƏNDƏRLİ