İran-İsrail müharibəsi gözləniləndir - Diplomatdan AÇIQLAMA

 16:10 01.08.2024     354

Xəbər verdiyimiz kimi, İranın Ali Rəhbəri Əli Xamenei Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq İsrailə birbaşa zərbələr endirmək əmri verib. Bu qərar nə ilə nəticələnəcək? Regionda yeni müharibə başlaya bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını politoloq Fikrət Sadıqov cavablandırdı. Onun sözlərinə görə, regionda vəziyyətin mürəkkəbləşəcəyi gözləniləndir:

"Elə əmrin verilməsi, əlbəttə ki, Yaxın Şərqdə vəziyyətin daha da gərgin fazaya düşməsinə şübhə olunmamalıdır. İran təbii ki, ilk növbədə özünə loyal Yaxın Şərqdə, xüsusilə Suriyada, İraqda, Livanda o qüvvələrdən istifadə edəcək. Onların da İsrailə müəyyən hücumları, raket endirməsi, əlbəttə ki, İsrail üçün yeni təhlükə yaradan məqamlardır".

Fikrət Sadıqov bildirdi ki, müharibə baş tutsa belə qısa müddətli olacaq.

"Bundan sonra İranla İsrail arasında ciddi şəkildə münaqişə və müharibəyə keçən toqquşma uzunmüddətli olmaz. Amma bir neçə dəfə İran raketləri İsrail ərazisinə endirilə bilər. Hətta belə hallar yaxın tarixdə olub. Təbii ki, İsrail də özünü eyni formada müdafiə edəcək. Onun kifayət qədər müasir silahları var. Ancaq proksi qüvvələri hələ də İsrailə qarşı daha kəskin formada mübarizəsini davam etməyə vadar edəcək", - deyə diplomat qeyd etdi.

Türkan İSGƏNDƏRLİ