Türkiyə-Ermənistan sərhədi açılacaq? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Türkiyə və Ermənistanın normallaşma üzrə xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubenyan arasında görüş baş tutub. Görüş çərçivəsində diplomatik/rəsmi pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəlinib. Bu qərar Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaar tərəfindən də rəğbətlə qarşılanıb. Bu qlobal məsələnin Azərbaycan da daxil olmaqla 3-lü ölkə arasında münasibətləri hansı yöndə dəyişəcəyi maraq doğurur.
Politoloq Elşad Həsənov Redaktor.az-a görüşün mahiyyətindən danışdı:
"Ermənistanın və Türkiyənin xüsusi nümayəndələrinin görüşündə sərhəd vəziyyətinin normallaşdırılması, gələcəkdə üçüncü dövlətin nümayəndələrinin, o cümlədən diplomatik pasportu olan adamların maneəsi keçirilməsi üçün məsələlər danışılıb. Eyni zamanda dəmir yolu, sərhəd məntəqəsi Akyaka/Axurikin texniki tələblərin qiymətləndirilməsi və diplomatik və xidməti pasportu olan üçüncü dövlətin adamları üçün viza rejiminin sadələşdirilməsi məsələsi müzakirə olunub. Yəni bunlar hamısı gələcəyə hesablanıb".
Politoloq bildirdi ki, Türkiyə-Ermənistan sərhədinin açılması heç də real görünmür.
"Bu gün real olaraq Türkiyə-Ermənistan sərhədinin açılması gündəmdə durmur. Çünki ilk növbədə bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidan da bildirib ki, Türkiyə ilə Ermənistan arasında sərhədlər Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi bağlanandan sonra açılacaq. Əks halda bu mümkün deyil. Ancaq Ermənistan tərəfi öz işini qaydasına salır ki, sabah Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi bağlananda, Türkiyə ilə sərhədlərin açılmasında problem yaranmasın. Ona görə də hər şey Ermənistanın Azərbaycanla apardığı sülh danışıqlarından asılıdır və ondan sonra da bu yollar açılacaq", - deyə Elşad Həsənov qeyd etdi.
Xatırladaq ki, Türkiyə və Ermənistanın normallaşma üzrə xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubenyan arasında sərhəddə görüş iyulun 30-da keçirilib.
Türkan İSGƏNDƏRLİ