İran-İsrail müharibəsi gözlənilir, bir çox ölkələr prosesə qoşula bilər - ŞƏRH

 14:02 02.08.2024     726

Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun lideri İsmayıl Haniyənin Tehranda sui-qəsd nəticəsində öldürülməsi, bölgə ölkələri arasında təhdid və gərginliyi artırdı. Hadisənin İranda baş verməsi isə işləri bir az da qızışdırdı. Belə ki, İranın Ali Rəhbəri Əli Xamenei buna cavab olaraq İsrailə birbaşa zərbələr endirmək tapşırığı verib.

İran-İsrail müharibəsi baş tutarsa, bu, bölgəyə və dünyaya necə təsir edəcək?

Mövzu ilə bağlı Redaktor.az-a millət vəkili, siyasi ekspert Elşad Mirbəşiroğlu açıqlama verdi. Onun sözlərinə görə, tərəflər arasında ziddiyyətlər daha da dərinləşəcək.

"İranın ali dini liderinin birbaşa zərbələrin endirilməsi ilə bağlı tapşırıq verməsi ona işarə işarədir ki, İranla İsrail arasında silahlı qarşıdurma vəziyyəti yarana bilər. Belə olan halda bir çox ölkələr prosesə qoşula bilər, beləliklə, silahlı münaqişə əhəmiyyətli dərəcədə genişlənə bilər. Ümumiyyətlə, hazırkı mərhələdə dünyanın münaqişə potensialı olduqca böyükdür və görünən reallıq ondan ibarətdir ki, ümumi dünyadakı geosiyasi turbulentlik də həddindən artıq sürətlənib. Yəni geosiyasi proseslər çox böyük dinamiklik kəsb etməkdədir. Yeni güc mərkəzləri bu və ya digər xarakterli beynəlxalq proseslərdə fəal yer almaq istəklərini və güclərini nümayiş etdirməkdədirlər".

Deputat qeyd etdi ki, sülh prosesi tezləşməşsə, İsrail üçün böyük təhdid yaranacaq.

"Hazırkı vəziyyəti olduqca qeyri-stabil kimi xarakterizə etmək mümkündür. Yaxın Şərq hazırkı şəraitdə daha dərin və uzunmüddətli münaqişə, silahlı qarşıdurma ilə əhatə olunub. Əgər tərəflər arasında dialoq olmazsa, həm də Fələstinin vəziyyəti ilə bağlı ciddi müzakirələr təşkil olunmayacaqsa, o zaman bu münaqişə uzunmüddətli olacaq. Onsuz da iki ölkə ərazisində kifayət qədər ciddi gərginlik mövcuddur və bu, açıq silahlı qarşıdurma vəziyyətinə də keçə bilər", - deyə Elşad Mirbəşiroğlu qeyd dedi.

Türkan İSGƏNDƏRLİ