Türkiyə məcbur qalarsa, müharibədə iştirak edəcək - ŞƏRH
Türkiyə Milli Müdafiə Nazirliyi Yaxın Şərqdə müharibənin miqyasının genişlənəcəyi barədə xəbərdarlıq edib. Belə bir açıqlama ötən gün Prezident Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə Türkiyə Ali Hərbi Şurasının iclasından sonra verilib. Yayılan məlumatlara görə, iclasda İsrailin Fələstin və Livana qarşı hərbi addımları, o cümlədən HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin Tehranda qətlə yetirliməsindən sonra bölgədə gözlənilən hərbi qarşıdurma müzakirə olunub.
Türkiyənin məsələyə bu qədər ciddi yanaşmağı, onun müharibədə iştirak edəcəyi barədə suallara səbəb olur.
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Tural İsmayılov bildirdi ki, sonunda hansı tərəf qazanarsa, bu məğlubiyyətə bərabər qalibiyyət olacaq:
"Bu gün Yaxın Şərqdə müharibənin arealı artıq çox genişlənib. Baş verən bütün proseslər və hadisələr göstərir ki, ciddi gərginlik ocaqları var və bunların qısa müddətdə pozitiv bir məntiqi yekuna çatacağı proqnozlaşdırılmır. Nəzərə almaq lazımdır ki, İsraillə HƏMAS arasındakı qarşıdurmanın miqyası get-gedə böyüyür və İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra HƏMAS və İsrail arasındakı qarşıdurmanın arealının daha da dərinləşəcək. Digər bir tərəfdən, bu gün təkcə HƏMAS-İsrail qarşıdurması deyil, Livandakı Hizbullah qüvvələri və Yəməndəki proksi İran qüvvələri ilə husilərin İsraillə münasibətləri daha da gərginləşməyə doğru gedir".
Siyasi şərhçi vurğuladı ki, Türkiyə məcbur qalarsa, müharibədə iştirak edəcək.
"İsrail bir neçə cəbhədə aktiv savaş aparır və təbii ki, təkcə Yaxın Şərq coğrafiyası üçün böyük təhdid deyil, həm də dünyanın iqtisadi psixoloji mənzərəsinə də ciddi təsirlər göstərir. Yaxın Şərqdə müharibənin miqyasının genişlənməsi ilə bağlı Türkiyədən verilən açıqlamalar da reallığı və həqiqəti göstərir. İndiki məqamda Türkiyənin Yaxın Şərqdə hansısa bir savaşa qoşulmağı o qədər də mümkün deyil. Birbaşa əgər Türkiyə sərhədlərinə hansısa bir təhlükədən söhbət gedərsə, Türkiyə ordusu hər zamankı kimi ən yüksək və peşəkar səviyyədə bu məsələyə müdaxilə edəcək. Amma hazırda konkret Türkiyə coğrafiyası və sərhədləri üçün real, ciddi bir təhdid və təhlükə elementlərindən söhbət getmir. Ona görə də bu məqamda Türkiyənin hansısa bir aktiv döyüş əməliyyatlarına və yaxud da Yaxın Şərqdə genişlənən hərbi aktivliklərə qoşulacağı gözlənilmir", - deyə T.İsmayılov qeyd etdi.
Türkan İSGƏNDƏRLİ