Qərb Gürcüstana qarşı sərt addımlar atacaq - AÇIQLAMA

 17:04 02.08.2024     267

Avropa İttifaqı (Aİ) “Xarici təsirin şəffaflığı haqqında” qanunun tətbiqindən sonra Gürcüstan hökumətinə maliyyə yardımının tamamilə dayandırmaq niyyətindədir. Eyni zamanda ABŞ bu ölkəyə müəyyən yardımların dayandırılması barədə qərar qəbul edib.

Qərbin Gürcüstandan əlini çəkməsi bu ölkə üçün hansı nəticələrə gətirib çıxaracaq?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Əli Mustafa dedi ki, Aİ-nin belə addım atması Gürcüstanın seçdiyi yolla bağlıdır.

"Gürcüstanın həm Avropa İttifaqı, həm də ABŞ ilə münasibətləri son vaxtlar daha da sərinləyir. Bu da Gürcüstanın seçdiyi strateji kursla bağlıdır. Anlaşılan odur ki, Gürcüstan daha çox Rusiya ilə əməkdaşlıq, yaxınlıq etmək xəttini seçib. Bu da Avropanın, bütövlükdə Qərbin Cənubi Qafqaza ciddi bir savaş açdığı, yəni bu ölkəyə sahiblənmək istədiyi bir ərəfədə Gürcüstanın belə bir mövqeyi seçməsi Qərbin maraqlarına olduqca ciddi zərər vurur. Yəni onların buradakı iddialarının gerçəkləşməsini çətinləşdirir. Ona görə də onlar da adekvat addımlar atırlar. Gürcüstana nəzərdə tutulan yardımlar dayandırılır. Çox güman ki, başqa təzyiq elementlərindən də istifadə olunacaq".

Siyasi şərhçi bildirdi ki, bu münasibət Gürcüstanda baş tutacaq parlament seçkilərinə kimi davam edəcək.

"Oktyabrın 26-da Gürcüstanda parlament seçkilərindən sonra hökumət formalaşacaq. Qərb birmənalı şəkildə müxalifəti dəstəkləyəcək. Müxalifət hakimiyyətə gələrsə, münasibətlər başqa cür davam edəcək. Hökumət hələlik seçkilərə qədər bir dəyişiklik etməyəcək. Hökumət kursunu bu cür davam etdirəcək, amma böyük ehtimalla Qərb müxalifətin seçkilərdə qalib gəlməsi üçün ciddi səylər və çabalar göstərəcək", - deyə Əli Mustafa qeyd etdi.

Türkan İSGƏNDƏRLİ