İran-İsrail müharibəsi başlayır? - "ABŞ-nin hərbi gəmiləri artıq bölgədədir"
İran Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun sədri İsmayıl Haniyənin qətlinə münasibətini yumşaltmaqdan imtina edib və yəhudi dövlətinə cavab vermək niyyətindədir. Eyni zamanda İsrail İranla bağlı istər müdafiə, istərsə də hücum xarakterli istənilən məsələyə hazır olduğunu bildirib.
Bəs iki ölkə arasında müharibə başlaya bilərmi?
Bu barədə politoloq Elxan Şahinoğlu Redaktor.az-a açıqlamasında bildirdi ki, İsrail əvvəllər də İranın mövqelərinə zərbələr endirirdi, alimlərini öldürürdü və hətta Suriyada generallarını da öldürmüşdü.
"Amma İran intiqam aksiyası vəd etsə də, İsrailə böyük zərər vura bilmədi, raketləri də İsrail neytrallaşdırdı. Bu dəfə də indi intiqam aksiyası haqqında fikirlər var. Amma raketlərin İsrailə gedib çatacağı şübhə doğurur. Ola bilsin ki, İran yenə də HƏMAS və ya "Hizbullah"ın imkanlarından istifadə etsin. Ancaq düşünürəm ki, İran açıq qarşıdurmadan çəkinəcək. Çünki İsrail kiçik dövlət olsa da, hərbi imkanları daha genişdir və İrana daha çox zərər vurar. Eyni zamanda arxasında da ABŞ dayanır. Amerikanın hərbi gəmiləri də artıq bölgədədir. Ona görə, İran intiqam xarakterli hərəkətlər etməyə çalışsa da, İsraillə birbaşa qarşıdurmaya keçməkdən hər halda çəkinəcək", - siyasi şərhçi dedi.
Sevinc İBRAHİMZADƏ