"Bu məsələnin həlli müharibədən keçəcək" - Deputatdan ilginc AÇIQLAMA
İsrail-İran, eləcə də İsrail-Livan müharibəsinin qığılcımları artıq özünü göstərməkdədir. Bu ölkələr arasında şiddətli müharibə hər an başlaya bilər. Artıq ABŞ-nin dövlət katibi Entoni Blinken də yaxın 24 saat ərzində İranın İsrailə hücum edəcəyini açıqlayıb. İran, İsrail və Livan tərəfindən verilən bəyanatlar bu ölkələrin müharibəyə tam hazır olduqlarını göstərir.
Bəs bölgədə baş verəcək genişmiqyaslı müharibəinin nəticələri necə olacaq, dünyanı hansı risklər gözləyir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan millət vəkili, siyasi ekspert Elşad Mirbəşiroğlu bildirdi ki, bu müharibə həlledici rol oynayacaq.
"İsrail-İran və İsrail-Livan arasında artıq müharibə vəziyyəti yaranıb. HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlə yetirilməsindən sonra İran tərəfi, yəni İranın ali dini lideri Əli Xameneyi bildirdi ki, qisas alınacaq və eyni zamanda Livan tərəfi də eyni mövqedən çıxış etdi. Artıq dronlar vasitəsilə də İsrailin mövqelərinə hücum təşkil olunub. Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken qarşıdurmanın qarşısının tamamilə alınmasından danışmır. Sadəcə olaraq deyir ki, bu qarşıdurmanın çox da güclü olmaması üçün çalışmaq lazımdır. Yəni Amerika Birləşmiş Ştatlarında artıq belə bir qənaət var ki, İran-İsrail, Livan- İsrail arasında bu qarşıdurma olacaq. Sadəcə olaraq onun miqyasının alınması istiqamətində çalışmaq lazımdır. Eyni zamanda da İsrailin cavab reaksiyasının genişmiqyaslı xarakter almasının qarşısını almaq lazımdır. Bu da Amerika Birləşmiş Ştatlarının rəsmi mövqeyi idi. Sözsüz ki, bu, lokal xarakterli yox, həlledici bir qarşılaşma olacaq".
Deputat qarşıdurma baş tutarsa, dünya dövlətlərinin də savaşa qoşulacağını qeyd etdi.
"Bir sıra dövlətlər də prosesə qoşula bilər. Yəni burada Rusiyanın, Çinin də ən azından siyasi mövqeyi olacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın söylədiyi fikirləri də biz yaxşı xatırlayırıq. Bu da birbaşa Türkiyə tərəfindən də prosesə qoşulma formasında ola bilər. Bu da uzunmüddətli silahlı qarşıdurmalara gətirib çıxara bilər. Amerika Birləşmiş Ştatları da bölgəyə aviadaşıyıcı, göndərməyi qərara alıb. Ayrıca olaraq da orada, raketdən müdafiə sistemləri quraşdırmaqdadır. Yəni Amerika Birləşmiş Ştatlarının da prosesdə mərkəzi rol aldığı göz önündədir. Bu da sözsüz ki, prosesə digər geosiyasi rəqiblərin qoşulacağını da zəruri edir. Ümumiyyətlə, bu məsələ hər hansı bir formada həllini tapmalıdır. Görünür ki, bu, müharibədən keçəcək".
Qeyd edək ki, artıq bir çox ölkə vətəndaşlarını Livanı, həmçinin İranı tərk etməyə çağırıb. Eyni zamanda Tehrandan uçuşlar təxirə salınıb.
Türkan İSGƏNDƏRLİ