F-16-lar Rusiya-Ukrayna müharibəsinə necə təsir edəcək? - Polkovnikdən AÇIQLAMA

 16:51 05.08.2024     435

"Ukrayna Prezidenti Volodimir Zelenskinin F-16 qırıcılarını alması, müharibəyə ciddi təsir etməyəcək".

Bu sözləri Redaktor.az-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov dedi. Onun sözlərinə görə, qırıcılar hava hücumundan müdafiə sistemləri, radar, Rusiyadan gələn hücumların müəyyən edilməsi və zərərsizləşdirilməsi məqsədilə istifadə ediləcək:

"Müharibə əvvəlki templə davam edəcək. Rusiya deyirdi ki, F-16 veriləcəksə bizim tərəfimizdən cavablandırılacaq. Amma gördüyünüz kimi, heç bir cavablandırmadan söhbət getmir və artıq F-16 lar Ukrayna səmasında müəyyən tapşırıqları yerinə yetirməyə başlayıb. Sözsüz ki, bu, çox ciddi, Rusiya üçün o qədər də xoş olmayan bir hadisədir. Amma böyük bir qlobal dəyişikliyə və yaxud qlobal yeniliyə səbəb olmayacaq".

Polkovnik bildirdi ki, Urayna-Rusiya müharibəsi yekunlaşmasa, silahların artırılması gözlənilir.

"Əgər müharibə bitməsə, F-16-ların sayı artırılacaq. Əlbəttə ki, bu, Ukrayna üçün o qədər də xoş olmayacaq. Nəzərə alsaq ki, təyyarələr təkcə hücum əməliyyatları deyil, eyni zamanda da hava hücumundan müdafiə sistemi rolunu oynayır. O nöqteyi nəzərdən növbəti aylarda vəziyyət bundan sonra da gərginliyə doğru gedəcək". 

Xatırladaq ki, Ukrayna artıq Qərb ölkələrindən 10 ədəd F-16 qırıcısı alıb və ilin sonuna kimi onların sayı 20-yə çatacaq.

Türkan İSGƏNDƏRLİ