Üçüncü Dünya müharibəsinin astanasındayıq - Yaxın Şərq qaynayır...

 18:03 05.08.2024     483

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri general Maykl Kurillanın Yaxın Şərqə səfər etməsi, onun İrana qarşı İsrailin yanında olduğunu göstərir. Qurumun beynəlxalq və regional müttəfiqləri səfərbər etməyə çalışması isə regionda böyük bir müharibənin başlayacağından xəbər verir. 

Mövzu ilə bağlı Redaktor.az-a danışan siyasi şərhçi Samir Hümbətov bildirdi ki, bu, Üçüncü Dünya müharibəsinə aparıb çıxara bilər.

"Düzdür, "Centcom" da, Pentaqon da ümumilikdə İsraili dəstəkləyir. Amma bir məsələ də var ki, Çin və Rusiya da açıq şəkildə İrana dəstək verir. İran-İsrail müharibəsi baş verərsə, bu güclərin müharibəsinə və yaxud da Üçüncü Dünya müharibəsinə gedib çıxacaq bir proses kimi də özünü göstərmiş olur. Məsələ burasındadır ki, artıq Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Tehrana səfəri baş tutdu və bu o deməkdir ki, Rusiya açıq şəkildə İrana dəstəyini göstərmək istəyir. Böyük ehtimal ki, silahlanma məsələsində də Rusiya ilə İran arasında yeni bir müqavilə imzalana bilər. Əslində belə hal baş verərsə, bu artıq ciddi qarşıdurmaya gedə bilər".

Politoloqun sözlərinə görə, bütün bunları nəzərə alaraq, beynəlxalq güclər bunu geniş areala yaymayacaqlar.

"Mən düşünmürəm ki, İran-İsrail müharibəsi başlaya bilər və böyük bir müharibəyə çevrilə bilər. Beynəlxalq güclərin o qədər rahatlıqla bu müharibəni başladıb daha geniş areala yaymaq fikirləri yoxdur. Çünki belə bir hal baş verərsə, artıq bu, region və ümumilikdə Yer kürəsi üçün ciddi, böyük dünyəvi bir fəlakətin eşiyinə gələ bilər. Müəyyən bir ərazilərin vurulması baş verə bilər, amma daha dərinə gedib Üçüncü Dünya müharibəsinin başlanmasına şərait yaratmaz", - deyə S.Hümbətov bildirdi.

Xatırladaq ki, Pentaqon da İsraili müdafiə etmək üçün Yaxın Şərq regionuna əlavə qüvvələr, o cümlədən ballistik raketdən müdafiəni təmin edə bilən kreyser və esmineslər göndərib.

Onu da qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi vətəndaşlarımızı bölgədə yaşanan gərginlik səbəbindən İsrail, Fələstin və Livana səfər etməməyə çağırıb.

Türkan İSGƏNDƏRLİ