"Ermənistan Zəngəzur dəhlizinin açılmasında maraqlıdır, ancaq..." - AÇIQLAMA

 12:57 06.08.2024     432

"İran Zəngəzur dəhlizinin açılmasını istəmir. Elə bu səbəbdən də Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdə İranın ali dini lideri Əli Xamenei Zəngəzur dəhlizinin Ermənistanın maraqlarına uyğun olmadığını söyləyib".

Bu sözləri Redaktor.az-a politoloq Abutalıb Səmədov Zəngəzur dəhlizi ilə bağlı İran və Ermənistanın mövqeyini şərh edərkən dedi. Onun sözlərinə görə, dəhliz Azərbaycanın digər dövlətlərlə əlaqəsini gücləndirə bilər:

"Ermənistanın 10 noyabr bəyanatında öz üzərinə götürdüyü öhdəliklərdən imtina etməsi Azərbaycanı məcbur elədi ki, Naxçıvana alternativ yol barədə düşünsün. İran dövləti ilə razılaşma əldə olundu. Böyük bir nəqliyyat dəhlizinin İrandan keçməsi onun həm siyasi, həm də iqtisadi maraqlarına uyğundur. Ancaq Mərkəzi Asiyanın Avropa ilə əlaqələrinin İran vasitəsilə reallaşması ilə nəticələnə bilər. Bu baxımdan təbii ki, İran Zəngəzur dəhlizinin açılmasını istəmir. Elə bu səbəbdən də Paşinyanla görüşdə dini lider Zəngəzur dəhlizinin Ermənistanın maraqlarına uyğun olmadığını söyləyib".

Politoloq bildirdi ki, Zəngəzur dəhlizinin açılma tarixi Ermənistandan asılıdır.

"Ermənistan Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Ancaq onun təklif etdiyi variant Azərbaycanı qane eləmir. Söhbət dəmir yolunun Mehridən, avtomobil yolunun isə ermənilərin dağlıq ərazi olan bir sahədən keçməsidir. Azərbaycan isə həm dəmir yolunun, həm də avtomobil yolunun Mehridən, İran sərhədinin yaxınlığındakı həmin o 43 kilometrlik ərazidən keçməsini istəyir. Ancaq bu barədə razılaşma çox təəssüf ki, hələ əldə olunmayıb və Ermənistana ciddi təzyiqlər olmasa, Zəngəzur dəhlizinin açılması uzana bilər. Dəhlizin tezliklə açılması üçün ilk növbədə Ermənistanı idarə edən dövlətlər - ABŞ, Fransa fəal mövqe tutmalıdır və Ermənistana zəruri təzyiqlər göstərilməlidir. Əks halda hələ uzun müddət bu dəhlizin açılması mümkünsüz ola bilər", - deyə A.Səmədov vurğuladı.

Türkan İSGƏNDƏRLİ